Honkonqda noyabrın 26-da baş verən böyük yanğın nəticəsində ölənlərin sayı aşkarlanan qalıqların DNT testindən sonra 161-ə çatıb.
7News.Az-ın "South China Morning Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə polis komissarı Co Çou məlumat verib.
Daha əvvəl hakimiyyət orqanları yanğın nəticəsində 160 ölüm faktını açıqlamışdılar.
"Məhkəmə-tibbi ekspertizası aşkarlanan qalıqlardan daha bir şəxsin DNT-sini aşkar edib. Bu da ölənlərin sayının 161-ə çatması deməkdir. DNT testləri davam edir. Biz digər həlak olanların qalıqlarının tapılacağı ehtimalını istisna etmirik və bu say arta bilər", - deyə o qeyd edib.
Xatırladaq ki, noyabrın 26-da Honkonqun Tai Po rayonundakı səkkiz çoxmərtəbəli yaşayış binasından ibarət "Wang Fuk Court" adlanan yaşayış kompleksində yanğın baş verib. Yanğının söndürülməsi noyabrın 28-dək davam edib. Təxminən 2 000 mənzilin olduğu kompleksdə təqribən 5000 insan yaşayırdı.