ABŞ müdafiə naziri Piter Hegset 13 dekabrda Palmira şəhərində baş verən Amerika hərbçiləri və tərcüməçinin öldürülməsinə cavab olaraq Suriyada “Şahin Zərbəsi” adlı antiterror əməliyyatının başladığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Hegset bildirib ki, əməliyyat İŞİD döyüşçülərinin və onların infrastrukturunun məhv edilməsi məqsədi daşıyır.
Onun sözlərinə görə, bu əməliyyat müharibənin başlanğıcı deyil, intiqamın elanıdır.
Hegset sosial şəbəkədə yazıb: “Amerika qüvvələri Suriyada İŞİD döyüşçülərini, onların infrastrukturunu və silah anbarlarını məhv etmək üçün əməliyyatlara başlayıb. Bu, 13 dekabrda Palmirada baş verən hücumun cavabıdır. Bu gün biz düşmənlərimizi ovladıq və çoxlarını məhv etdik. Əməliyyat davam edəcək”.
The New York Times xəbər verir ki, əməliyyata ABŞ qırıcıları, helikopterləri və artilleriya qüvvələri cəlb olunub. Əməliyyat 19 dekabrda başlayıb və səhərədək davam edəcəyi planlaşdırılıb. Fox News məlumat verir ki, ABŞ qüvvələri İŞİD-in 70 obyektinə zərbə endirib. Əməliyyata beynəlxalq koalisiyanın ən azı altı döyüş təyyarəsi və raketləri cəlb edilib.
Al Hadath kanalının məlumatına görə, raketlər Haseke əyalətinin cənubundakı əl-Şaddadi hərbi bazasından buraxılıb və Deyr-əz-Zor, Rakka və Homs əyalətlərinə istiqamətlənib. Deyr-əz-Zorda partlayış səsləri eşidilib.
ABŞ Prezidenti Donald Tramp əməliyyata Suriyanın dəstək verdiyini bildirib və bunu “çox ciddi intiqam zərbəsi” adlandırıb.
BBC xəbər verir ki, ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın son aylarda Suriyada həm hava zərbələri, həm də yer əməliyyatları həyata keçirdiyi, burada Şam hökumətinin təhlükəsizlik qüvvələrinin də iştirak etdiyi qeyd olunub. Ötən ay Suriyanın yeni hökuməti İŞİD-ə bağlı olmaqda şübhəli bilinən 70-dən çox şəxsi saxlayıb.
Qeyd edək ki, 13 dekabrda Palmira şəhərində ABŞ və Suriyanın birgə konvoyuna edilən hücum nəticəsində iki ABŞ əsgəri və bir mülki tərcüməçi həlak olub.
Hücumçunun Suriyanın təhlükəsizlik qüvvələrinin üzvü və İŞİD tərəfdarı olduğu bildirilir. Bu, Bəşər Əsədin devrilməsindən sonra baş verən ilk oxşar insidentdir. Yeni hökumət ölkənin bütün ərazisini nəzarətdə saxlamır və hücumun baş verdiyi ərazi də hökumətin tam nəzarətində olmayan bölgəyə düşür.
Hazırda Suriyada təxminən 1 000 ABŞ hərbçisi yerləşir. Onlar əsasən kürd qüvvələrinin nəzarətində olan şimal-şərq ərazilərində və Homs əyalətinin cənub-şərqində, İordaniya və İraq sərhədinə yaxın Ət-Tanif bazasında dislokasiya olunublar.