AZ

Canluici Donnarumma – 2025-ci ilin ən yaxşı qapıçısı! – ARENA.AZ

“Mançester Siti”də çıxış edən Canluici Donnarumma Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən 2025-ci ilin ən yaxşı qapıçısı seçilib.

Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir.

IFFHS-nin versiyasına əsasən, 26 yaşlı “əlcək sahibi” 169 xalla birinci olub. “Real”dan (İspaniya) Tibo Kurtua ikinci (65 xal), “İnter”dən (İtaliya) Yann Zommer üçüncü (59), “Bayern”dən (Almaniya) Manuel Noyer dördüncü (50) və “Arsenal”dan (İngiltərə) David Raya beşinci (40) olub.

Xatırladaq ki, Donnarumma bir neçə gün əvvəl FIFA tərəfindən də 2025-ci ilin ən yaxşı qapıçısı seçilmişdi.

Canluici Donnarumma 2025-ci ilin yayında Fransa çempionu PSJ-dən 30 milyon avro müqabilində “Mançester Siti”yə keçib. 26 yaşlı qolkiperin İngiltərə klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var.

Donnarumma “Mançester Siti”nin heyətində 18 oyuna çıxıb, 16 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.

“Milan”ın yetirməsi olan Donnarumma 2021-ci ilədək bu klubda çıxış edib. 2021-ci ilin iyul ayında isə o, “Milan”dan azad agent qismində PSJ-yə keçib.

Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığma komandasının heyətində 79 oyun keçirib, 75 qol buraxıb, 32 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının (AÇ-2020) qalibi olub.

Futbol uğurlarına gəlincə, Donnarumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025), Fransa Kubokunun (2023/2024, 2024/2025), Fransa Super Kubokunun (2022/2023, 2023/2024, 2024/2025) və UEFA Çempionlar Liqasının (2024/2025) qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı italyan qapıçının transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
16
4
arena.az

10Mənbələr