AZ

Taxıl sahələrində təhlükə: Çörək və un bahalaşa bilər

Son dövrlər taxıl sahələrində müşahidə olunan məhsuldarlıq azalması fonunda çörək və un qiymətlərinin bahalaşması ehtimalı yenidən gündəmə gəlib. Xüsusilə Cəlilabad rayonunun bir çox kəndində əkin sahələrinin Zaqafqaziya taxıl böcəyi tərəfindən geniş miqyasda zədələnməsi vəziyyəti daha da gərginləşdirir. Fermerlərin sözlərinə görə, zərərverici bitkilərin inkişafına ciddi təsir göstərir, sünbüllərin dolmaması və məhsulun keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir. Bu isə yalnız yerli istehsalçıların gəlirlərinə deyil, ümumilikdə ölkənin taxıl balansına təsirsiz ötüşmür.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan kənd təsərrüfatı üzrə ekspert, aqrar elmlər üzrə fəlsəfə doktoru Vahid Məhərrəmov bildirib ki, Zaqafqaziya taxıl böcəyi taxılçılıq üçün ən təhlükəli zərərvericilərdən biridir və vaxtında mübarizə aparılmadıqda məhsuldarlıq 30–40 faizə qədər azala bilər. Onun sözlərinə görə, bu zərərverici əsasən zəif qulluq olunan və dərmanlama tədbirləri gecikdirilən sahələrdə sürətlə yayılır: “Əgər kimyəvi və aqrotexniki tədbirlər vaxtında həyata keçirilməsə, təkcə cari mövsüm yox, növbəti illər üçün də ciddi problemlər yaranacaq. Fermerlərin maddi imkanlarının məhdudluğu səbəbindən bəzi hallarda sahələr lazımi səviyyədə qorunmur”.

Saytımıza danışan iqtisadçı ekspert Əkrəm Həsənov isə qeyd edib ki, taxıl strateji məhsul olduğu üçün məhsuldarlıqda baş verən hər azalma birbaşa ərzaq bazarına təsir edir. Onun sözlərinə görə, yerli istehsalın azalması idxaldan asılılığı artırır və bu da qiymət risklərini yüksəldir: “İdxal həcminin artması valyuta xərclərini çoxaldır. Bu isə unun və çörəyin maya dəyərinə təsir etməyə bilməz. Qısa müddətdə qiymətlər sabit qala bilər, lakin orta və uzunmüddətli dövrdə bahalaşma riski kifayət qədər realdır”.

Ekspertlərin fikrincə, hazırda dövlət ehtiyatları hesabına bazarda müəyyən sabitlik qorunsa da, əsas hədəf yerli istehsalın davamlılığını təmin etmək olmalıdır. Əks halda, zərərvericilərin yaratdığı problemlər fonunda fermerlərin taxıl əkinindən imtina etməsi, ölkənin taxıl idxalından asılılığını daha da artıracaq: “Belə hesab edirəm ki, taxıl sahələrində məhsuldarlığın azalması və zərərvericilərin yayılması təkcə aqrar sahənin problemi deyil, eyni zamanda ölkənin ərzaq təhlükəsizliyi və sosial-iqtisadi sabitliyi üçün risk yaradan ciddi məsələdir. Vaxtında və sistemli tədbirlər görülməzsə, bu vəziyyətin çörək və un qiymətlərində bahalaşma ilə nəticələnməsi istisna olunmur”.

Seçilən
39
nocomment.az

1Mənbələr