Naxçıvan Televiziyasında idarəçilik böhranı: qonorar “süzgəci”, efirə laqeydlik və selektiv cəza mexanizmi
Naxçıvan Televiziyasında baş verən son proseslər artıq adi daxili narazılıq müstəvisini aşaraq açıq idarəçilik böhranı təsiri bağışlayır.
Redaksiyamıza daxil olan çoxsaylı müraciətlər və əməkdaşların iddiaları göstərir ki, kanalda maliyyə, kadr və efir siyasəti üzrə sistemli pozuntular müşahidə olunur.
Əməkdaşların bildirdiyinə görə, 2026-cı il üçün kanal adına qonorar fondunun formalaşdırılmaması məqsədilə Maliyyə Nazirliyinə qərəzli sifariş göndərilib. Bu addım rəsmi iclaslarda səsləndirilən “əməkhaqlarının artırılması istiqamətində təşəbbüs göstəririk” kimi bəyanatlarla tam ziddiyyət təşkil edir və real niyyətin fərqli olduğunu ortaya qoyur.
“Bayram ərəfəsində hədəfli qərarlar”
Bayram ərəfəsində əməkdaşların maaş və qonorar gözlədiyi bir vaxtda İncəsənət və Musiqi Verilişləri Redaksiyasının xüsusi olaraq hədəf seçilməsi, qonorar vərəqlərinin faktiki şəkildə dövriyyədən çıxarılması kollektivdə ciddi narazılıq yaradıb.
Qeyd olunur ki, bu qərarlarla bağlı nə rəsmi sənəd təqdim olunub, nə də əməkdaşlara aydın və hüquqi izahat verilib. Bu vəziyyət kanal daxilində maliyyə qərarlarının şəffaf deyil, subyektiv münasibətlər əsasında verildiyi qənaətini gücləndirib.
“Efir dayanıb, “günahkar” təyin edilib”
İddialara əsasən, bir neçə gün əvvəl televiziyanın saat 11 xəbəri xəbərlər departamentinin səhlənkar işi nəticəsində alınmayıb.
Hər zaman olduğu kimi günahı öz sevimlilərindən yayındırmağa çalışan İlhamə Novruzova efir rejissorunu günahlandıraraq efirdən uzaqlaşdırıb. Əslində isə səbəb xəbərlərin vaxtında hazırlanmaması olub.
Əməkdaşlar bildirirlər ki, struktur və idarəetmə səviyyəsində buraxılmış açıq nöqsanlarla bağlı heç bir daxili araşdırma aparılmayıb, Xəbərlər departamentinin və baş redaktorun yol verdiyi səhvlər isə bilərəkdən görməzdən gəlinib.
“Rəhbərlik efirdən uzaq, kollektiv təzyiq altında”
Daxil olan məlumatlara görə, kanal rəhbəri İlhamə Novruzovanın efir proseslərinə nəzarəti faktiki olaraq itirdiyi iddia olunur.
Əməkdaşların sözlərinə görə, efirdə ciddi problemlər yaşandığı günlərdə rəhbərlik iş prosesində deyil, bufet məkanında vaxt keçirib, seçilmiş bir qrup əməkdaşla qeyri-rəsmi, laqeyd üslubda ünsiyyət qurub. Kollektiv daxilində bu davranış idarəçilik məsuliyyəti deyil, selektiv yaxınlıq modeli kimi qiymətləndirilir.
Bir qrup üçün rahat zona, digərləri üçün isə susdurma və sıxışdırma mexanizmi. Rəsmi məsafənin qorunmaması, peşəkar münasibətlər əvəzinə şəxsi simpatiyaların önə çəkilməsi kanalın iş mühitinə ciddi zərər vurur.
“Qonorar “süzgəci”: kimə var, kimə yox?”
Əməkdaşların iddialarına görə, rəhbərliyə yaxın şəxslərə əsassız və qeyri-şəffaf şəkildə yüksək qonorarlar yazılıb, rəhbərliyin münasibət bəsləmədiyi əməkdaşların isə qonorarları kəsilib.
Məlumatlara əsasən İlhamə Novruzova son iki ayda Royal Məmiyevə 1000 manata yaxın, Bakı şəhərindəki özünə yaxın kənar əməkdaşlarına isə 2000-3000 qonorar yazıb.
Ən ciddi narazılıq yaradan məqam isə budur ki, yüksək qonorar alan şəxslər efir məsuliyyətini yerinə yetirmədiyi halda, bütün ittihamlar sıravi əməkdaşların – xüsusilə rejissorların üzərinə yönəldilir. Kollektiv bunu açıq ikili standart və seçici ədalət nümunəsi kimi qiymətləndirir.
“Saxta sənəd tələbi, real təzyiq”
İddialar bununla da bitmir. Bildirilir ki, bəzi əməkdaşlardan saxta sənədlərə imza atmaq tələb olunub, imtina edənlər isə töhmət, təzyiq və işdən uzaqlaşdırılma ilə hədələnib.
Bu cür metodların ictimai vəsaitlə fəaliyyət göstərən televiziya qurumu üçün qəbuledilməz olduğu vurğulanır. Eyni zamanda qeyd olunur ki, studiya layihələri əvvəlcədən rəhbərlik tərəfindən pozulub, müqavilə şərtlərinə əməl edilməyib. İndi isə məsul şəxslər prosesi “bizlik deyil, sizin daxili işinizdir” deməklə üzərindən atmağa çalışırlar.
“İctimai etimad risk altındadır”
Əməkdaşlar hesab edirlər ki, ictimai vəsait hesabına fəaliyyət göstərən bir televiziya qurumunda insanların dolanışığı ilə manipulyasiya etmək, xüsusilə bayram ərəfəsində bu cür qərarlar vermək təkcə etik pozuntu deyil, ictimai etimadın açıq şəkildə sarsıdılmasıdır.