Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna üzrə sülh danışıqları ilə bağlı Avropanın roluna münasibət bildirib.
NOCOMMENT.az xəbər verir ki, Misirin xarici işlər naziri ilə görüşdən sonra danışan Lavrov qeyd edib ki, Rusiyanın Avropanın köməyinə ehtiyacı yoxdur və əsas gözlənti onların prosesə mane olmamasıdır.
Onun sözlərinə görə, Avropa müdaxilə etmədiyi təqdirdə vəziyyətin daha müsbət məcrada inkişaf edəcəyinə inanmaq olar.
Nazir bildirib ki, Rusiya hələlik Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ və Avropa nümayəndələri ilə keçirdiyi görüşlərin nəticələri barədə məlumat əldə etməyib.
Lavrov Avropa İttifaqının Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təşəbbüslərini də tənqid edərək, bu addımların əslində təhlükəsizlikdən çox Ukraynanın Rusiya üçün hərbi təhdid mənbəyinə çevrilməsi məqsədi daşıdığını vurğulayıb. Onun fikrincə, Moskva Avropada bərabər və bölünməz təhlükəsizlik prinsiplərinə əsaslanan yanaşmanın tərəfdarıdır.
Sergey Lavrov Amerika ilə münasibətlərə də toxunaraq qeyd edib: “Rusiya–ABŞ dialoqu möhkəm razılaşmalara, xüsusilə də Alyaska üzrə əldə edilmiş anlayışlara söykənir və Moskva Amerika administrasiyasının bu mövqedən geri çəkilməsi üçün əsas görmür.
O, eyni zamanda sülh danışıqları məsələsində Rusiyanın mövqeyinin bir çox ölkələr tərəfindən dəstəkləndiyini bildirərək, Moskvanın “dünya çoxluğunun” dəstəyini hiss etdiyini qeyd edib.