AZ

Rusiya 127 milyard dollar Qərb aktivlərini müsadirə edə biləcəkmi?..


Qulamhüseyn Əlibəyli: “Avropa ölkələri nəinki çəkinir, həm də qorxurlar”

Avropa İttifaqının Rusiyanın aktivlərini dondurmasının ardından Moskvanın Qərb şirkətlərini qarşılıqlı addımlarla təhdid etməsi Avropanın bəzi paytaxtlarında təlaş yaradıb. Rusiyanın ən sərt reaksiya verəcəyi ilə bağlı vədi Belçika, İtaliya və Avstriya daxil bir sıra ölkələri narahat etməyə başlayıb.

Moskva hələlik atacağı addımları açıqlamayıb. Amma planlardan agah bir nəfərin dediyinə görə, rəsmilər Rusiyada olan-qalan Qərb aktivlərinin müsadirəsini nəzərdən keçirirlər. 2024-cü ildə Qərb şirkətlərinin Rusiyada azı 127 milyard dollarlıq aktivləri olub. Daha öncəki mübahisələr nəticəsində Kreml azı 32 Qərb şirkətinin aktivlərini dondurub ki, bu da azı 57 milyard dollar deməkdir.

Görünən odur ki, Avropa ölkələri Rusiya aktivlərinin dondurulmasında və ya bu aktivlərin Ukraynaya verilməsində tərəddüd edir, eyni zamanda Rusiyadan çəkinirlər.

“Rusiya hüquqi dövlət olmadığı üçün istənilən vaxt və istənilən formada bu aktivləri müsadirə edə bilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, ümumiyyətlə, Rusiyanın Avropa ölkələrində olan aktivlərinin dondurulması və onlardan istifadə etməklə bağlı məsələ neçə müddətdir mübahisəli predmetə çevrilib: “Yəni Avropa ölkələri dəfələrlə bununla bağlı bir araya gəlib müzakirələr aparıblar, amma razılığa gələ bilməyiblər. Nəyə görə razılığa gələ bilmirlər? Bunun müxtəlif səbəbləri var. Bunun bir səbəbi onunla bağlıdır ki, Avropa ölkələrində Rusiyadan çəkinmə meyli güclüdür. Nəinki çəkinirlər, həm də qorxurlar. Ehtiyat edirlər ki, Rusiya Ukrayna ilə məsələni bitirdikdən sonra Avropaya hücum edə bilər. Digər tərəfdən Birləşmiş Ştatların Rusiya ilə bağlı mövqeyi, Moskvanın Ukrayna ilə bağlı tələblərini birbaşa müdafiə etməsi Brüsseli narahat edir. Həmçinin, Vaşinqtonun Ukraynanın bərpasına yönəldilməli olan vəsaitin 50 faizini ABŞ-ın hesabına köçürülməsini tələb etməsi, işğal olunmuş ərazilərin Rusiyanın yurisdiksiyasına keçməsini tələb etməsi Avropa ölkələrini bir qədər çətin vəziyyətdə qoyub. Bu, həm də Rusiya siyasətinin daha da aqressivləşməsinə gətirib çıxarır. Rusiya hesab edir ki, hazırda ABŞ onların mövqeyini müdafiə edir. Yəni ABŞ-la birlikdə dünya ölkələrini şantaj etməklə məşğuldur. Həm hərbi cəhətdən, həm də iqtisadi cəhətdən şantaj edir. Ona görə də Avropa İttifaqı ölkələri hələlik müstəqil şəkildə öz təhlükəsizliklərini təmin edə bilmədikləri üçün Vaşinqtonun mövqeyini bu və ya digər formada nəzərə almağa məcbur olurlar. Avropa həm də Rusiyada olan aktivlərinin müsadirəsindən çəkinir. Rusiya hüquqi dövlət olmadığı üçün istənilən vaxt və istənilən formada bu aktivləri müsadirə edə bilər. Çəkinmələri həm də bununla əlaqədardır. Düzdür, hələlik Rusiya Avropanın əmlakını milliləşdirmir, amma istənilən vaxt buna gedə bilərlər. Məhz bu istiqamətdə Moskva Avropa ölkələrini şantaj edir ki, Rusiya vəsaitlərinin Ukraynaya verilməsində razılığa gəlməsinlər. Hesab edirəm ki, Avropa ölkələri Rusiya vəsaitlərinin müsadirə edilməsində razılığa gəlmədikləri üçün Ukraynanın bərpası ilə bağlı digər variantları da fikirləşib tapmalıdılar. Çünki iqtisadi cəhətdən onların da maraqları var ki, Ukrayna bərpa olunsun və Rusiyanın qarşısında dayansın. Həm hərbi cəhətdən, həm iqtisadi cəhətdən Ukrayna güclü olsun. Ona görə də hesab edirəm ki, gec-tez Aİ ölkələri öz aralarında ortaq məxrəcə gəlməlidir”.

Vidadi ORDAHALLI

Seçilən
85
baki-xeber.com

1Mənbələr