Fatimə Hacıbəyli: “10-17 yaş arası uşaqların 72%-i sosial şəbəkələrdən istifadə edir”
Cəmiyyəti, valideynləri ən çox narahat edən məsələlərdən biri də azyaşlı, məktəbli uşaqların sosial şəbəkələrdən istifadəsidir. Onları bu platformalarda şiddət, bayağılıq və digər zərərli davranışları təbliğ edən foto, video və paylaşımlardan uzaq tutmaq bu gün olduqca çətin, hətta mümkünsüzdür.
Xüsusilə məktəblilərin daha işıqlı, faydalı məsələlərə həsr olunacaq vaxtına qənim kəsilən sosial şəbəkələri onların həyatından çıxarmaq üçün dünya ölkələri müxtəlif metodlar tətbiq edirlər. Qeyd edək ki, artıq bir sıra xarici ölkələrdə yeniyetmələrin sosial şəbəkədən istifadə etməsi qadağan olunub. Belə ki, Danimarka, Norveç, Avstraliya və digər ölkələrdə 16 yaşdan kiçiklər üçün sosial şəbəkələr qadağan edilib. Bu barədə “The Guardian” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, ölkədə artıq yeni qanun qüvvəyə minib.
Qanuna əsasən, dünyanın 10 ən böyük platforması avstraliyalı yeniyetmələrin hesablarını silməli və onların yeni hesab yaratmasının qarşısını almalıdır. Qadağa Facebook, Instagram, Threads, X (Twitter), YouTube, Snapchat, Reddit, Kick, Twitch və TikTok kimi sosial şəbəkələrə şamil olunur. Tələblərə əməl etməyən platformaları 33 milyon dollara qədər cərimə gözləyir.
Maraqlıdır, ölkəmizdə də belə bir qayda tətbiq olunarmı?
“Azərbaycan kontekstində belə bir qanunun tətbiqi geniş ictimai müzakirəyə çıxarılmalıdır”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünyanın bir çox ölkəsində uşaqlar sosial şəbəkəyə daxil ola bilməz, bu mümkün deyil: “Sosial şəbəkələrdə süzgəc mexanizmlərinin və filtrlərin tətbiqini, eləcə də fəaliyyətini tənzimləyən qanunun qəbulunu dəstəkləyənlər çoxdur. Həmin qanun isə istifadəçilərə maarifləndirmə yolu ilə çatdırılmalıdır ki, onlar nəyi istifadə etməyin mümkün olduğunu, nəyi olmadığını aydın dərk etsinlər.
Azərbaycan kontekstində belə bir qanunun tətbiqi geniş ictimai müzakirəyə çıxarılmalıdır. Ölkəmizdə sosial şəbəkələrdən istifadənin artan tendensiyası müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 10-17 yaş arası uşaqların 72%-i sosial şəbəkələrdən istifadə edir. Bu rəqəm, bir tərəfdən texnologiyadan istifadə səviyyəsinin artmasını göstərsə də, digər tərəfdən, kiberzorakılıq və asılılıq kimi problemlərin də miqyasını artırır. Onu da deyim ki, sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılmasının digər müsbət tərəfi uşaqlar arasında fiziki fəaliyyətin artmasıdır. Çox vaxt sosial şəbəkələrdə vaxt keçirmək uşaqların oturaq həyat tərzi sürməsinə səbəb olur ki, bu da onların sağlamlığına mənfi təsir göstərir”.
Günel CƏLİLOVA