AZ

Azərbaycan Diasporu: dövlət siyasətinin strateji istiqaməti və milli maraqların qlobal müdafiəsi

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Müasir beynəlxalq münasibətlər sistemində diaspor institutları dövlətlərin milli maraqlarının xarici müstəvidə müdafiəsi, obyektiv informasiya siyasətinin həyata keçirilməsi və ictimai diplomatiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan diasporu dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla, milli maraqların beynəlxalq aləmdə müdafiəsində getdikcə artan rol oynayır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Azərbaycan diasporunun təşəkkülü XX əsrin sonlarına, Sovet İttifaqının süqutu və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası dövrünə təsadüf edir: “Müxtəlif tarixi, siyasi və sosial-iqtisadi səbəblər nəticəsində xarici ölkələrdə yaşayan azərbaycanlı icmaları ilkin mərhələdə sistemsiz və pərakəndə fəaliyyət göstərmişdir. Həmin dövrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və informasiya müharibəsi fonunda milli maraqların beynəlxalq müstəvidə müdafiəsi istiqamətində diaspor potensialından tam istifadə olunmamışdır.

Azərbaycan diasporunun dövlət siyasəti səviyyəsində formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu Öndər diaspora məsələlərini milli təhlükəsizlik və dövlətçilik baxımından strateji istiqamət kimi qiymətləndirmişdir”.

Nicat İsmayılov

Nicat İsmayılov bildirib ki, 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, “Dünya azərbaycanlılarının həmrəyliyi” ideyasının dövlət ideologiyası səviyyəsinə yüksəldilməsi və diaspor fəaliyyətinin institusional əsaslara söykənməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir: “Bu siyasətin əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların milli kimlik ətrafında birləşdirilməsi və Azərbaycan Respublikasının milli maraqlarının müdafiəsinə cəlb olunması olmuşdur”.

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu yeni keyfiyyət mərhələsinə yüksəlmişdir. Diaspor siyasəti dövlətin xarici siyasət kursu ilə uzlaşdırılaraq daha sistemli və məqsədyönlü şəkildə həyata keçirilir. Bu mərhələdə, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti gücləndirilmiş və xarici ölkələrdə “Azərbaycan evləri”nin yaradılması prosesi genişləndirilmişdir. Diaspor təşkilatlarının institusional potensialı artırılaraq, gənclərin diaspora fəaliyyətinə cəlb olunması xüsusi prioritet kimi müəyyən edilmişdir”-deyə Nicat İsmayılov qeyd edib.

Politoloq vurğulayıb ki, Cənab Prezident İlham Əliyev tərəfindən diaspora fəaliyyətinə verilən siyasi dəstək xaricdə yaşayan azərbaycanlıların dövlətçilik mövqeyinin möhkəmlənməsinə və vahid milli maraqlar ətrafında səfərbərliyinə mühüm töhfə vermişdir: “2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan diasporunun imkanlarını və potensialını real şəraitdə nümayiş etdirmişdir. Müharibə dövründə diaspor təşkilatları informasiya və ictimai diplomatiya sahəsində fəallıq göstərmiş, Azərbaycan Respublikasının beynəlxalq hüquqa əsaslanan mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır. Diaspor strukturları tərəfindən xarici ölkələrdə kütləvi tədbirlər keçirilmiş, beynəlxalq media qurumları ilə əlaqələr qurulmuş, müxtəlif dövlətlərin siyasi institutlarına və beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmışdır. Bu fəaliyyətlər nəticəsində erməni təbliğatına qarşı adekvat və operativ informasiya siyasəti həyata keçirilmişdir.

Hazırda Azərbaycan diasporu aşağıdakı üstün cəhətlərlə xarakterizə olunur:Dövlət tərəfindən dəstəklənən vahid diaspora siyasəti;Artan institusional və təşkilati potensial;Milli həmrəyliyin və dövlətçilik mövqeyinin möhkəmlənməsi;Xarici informasiya məkanında Azərbaycanın maraqlarının müdafiəsi üzrə təcrübənin formalaşması.

Bununla yanaşı, bəzi ölkələrdə peşəkar lobbiçilik mexanizmlərinin yetərincə inkişaf etməməsi, diaspor təşkilatları arasında koordinasiyanın bəzən qeyri-kafi olması və insan resurslarının səmərəli idarə olunması ilə bağlı müəyyən çətinliklər mövcuddur. Bu istiqamətdə daha sistemli, uzunmüddətli və strateji yanaşmaların tətbiqi zəruridir.

Nəticə etibarilə, Azərbaycan diasporu bu gün dövlətin xarici siyasətinin mühüm dayaqlarından biri kimi çıxış edir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu diaspora siyasəti cənab Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir və ardıcıl şəkildə inkişaf etdirilir.

44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirilən fəaliyyət sübut etdi ki, Azərbaycan diasporu milli maraqların qlobal miqyasda müdafiəsi istiqamətində mühüm potensiala malikdir. Qarşıdakı mərhələdə əsas məqsəd bu potensialın daha peşəkar, daha koordinasiyalı və daha effektiv şəkildə reallaşdırılmasını təmin etməkdir”.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
bizimyol.info

1Mənbələr