AZ

Ukrayna Rusiya müharibəsi: diplomatik aktivlik fonunda hərbi siyasi münaqişənin sonu necə görünür?

Bizimyol saytına istinadən ain.az xəbər verir.

“Ukrayna–Rusiya müharibəsi artıq təkcə iki dövlət arasında silahlı qarşıdurma deyil, qlobal güc balansını, beynəlxalq təhlükəsizlik sistemini və yeni dünya düzənini müəyyən edən əsas geosiyasi qarşıdurmalardan birinə çevrilib. Müharibə uzandıqca diplomatik fəallıq artır, müxtəlif paytaxtlarda danışıqlar aparılır, vasitəçilik təşəbbüsləri irəli sürülür və münaqişənin mümkün sonu ilə bağlı fərqli ssenarilər müzakirə olunur”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloqun sözlərinə görə, son günlər Berlində ABŞ–Ukrayna təmaslarının başa çatması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putin və Volodimir Zelenski arasında birbaşa görüş təklifi, Kreml sözçüsü Dmitri Peskovun “Rusiya Zelenskidən zəmanət istəyir” açıqlaması göstərir ki, hərbi meydanla yanaşı diplomatik masa da aktiv fazaya keçib.

Nicat İsmayılov

Politoloq Nicat İsmayılovun fikrincə, mövcud reallıqlar onu göstərir ki, Ukrayna–Rusiya müharibəsinin yaxın perspektivdə klassik sülh sazişi ilə başa çatması ehtimalı zəifdir. Daha real ssenari münaqişənin müəyyən mərhələdə “dondurulmuş müharibə” formatına keçməsidir. Yəni tərəflər aktiv hərbi əməliyyatları azalda, lakin siyasi və hüquqi ziddiyyətlər açıq qalacaq.

“Rusiya üçün əsas hədəf təhlükəsizlik zəmanətləri, NATO-nun genişlənməsinin qarşısının alınması və işğal etdiyi ərazilərin statusunun tanınmasıdır. Ukrayna isə ərazi bütövlüyündən imtina etmədən beynəlxalq təhlükəsizlik təminatları əldə etmək istəyir. Bu ziddiyyətlər kompromisi son dərəcə çətinləşdirir.

Türkiyə, ABŞ, Avropa İttifaqı, eləcə də ayrı-ayrı neytral ölkələrin vasitəçilik təşəbbüsləri indiyə qədər müharibəni dayandırmaq yox, daha çox eskalasiyanın qarşısını qismən almaq funksiyasını yerinə yetirib. Türkiyənin taxıl sazişi və humanitar məsələlərdə oynadığı rol göstərdi ki, vasitəçilik mümkündür, lakin yalnız tərəflərin siyasi iradəsi olduqda nəticə verir.

Hazırkı mərhələdə vasitəçilər müharibəni birdəfəlik dayandırmaqdan daha çox, danışıqlar üçün zəmin yaratmaq və etimad mühitini formalaşdırmaq baxımından əhəmiyyətlidir”-deyə politoloq bildirib.

Nicat İsmayılov hesab edir ki, Donald Trampın ABŞ siyasətinə mümkün qayıdışı Ukrayna müharibəsi kontekstində xüsusi maraq doğurur: “Tramp dəfələrlə müharibəni “qısa müddətdə bitirə biləcəyini” bəyan edib. Lakin bu iddiaların arxasında duran real mexanizmlər aydın deyil. Əgər Tramp administrasiyası Ukraynaya hərbi və maliyyə dəstəyini azaltmaq yolunu seçərsə, bu, Kiyevi danışıqlara daha çox meyilli edə bilər. Bununla belə, ABŞ-ın institusional maraqları və Konqresin mövqeyi Trampın manevr imkanlarını məhdudlaşdıra bilər. Bu səbəbdən Tramp faktoru tam dönüş nöqtəsi yox, sürətləndirici amil kimi qiymətləndirilə bilər.

Müharibənin dayandırılması üçün aşağıdakı şərtlər əsas rol oynaya bilər:

Ukrayna üçün real və işlək beynəlxalq təhlükəsizlik zəmanətləri;Rusiya üçün NATO genişlənməsi ilə bağlı hüquqi-siyasi təminatlar;Atəşkəs və münaqişə zonalarında beynəlxalq nəzarət mexanizmləri;Sanksiyaların mərhələli şəkildə müzakirəsi;Ərazilərin statusu məsələsinin uzunmüddətli danışıqlara saxlanılması.

Bu şərtlərdən hər hansı birində güzəşt olmadan müharibənin bitməsi real görünmür. Bu müharibənin açıq qalibi yoxdur. Ukrayna böyük insan və infrastruktur itkiləri verir, Rusiya isə ciddi iqtisadi sanksiyalar, beynəlxalq təcrid və uzunmüddətli geosiyasi risklərlə üz-üzədir. Avropa enerji təhlükəsizliyi və iqtisadi sabitlik baxımından zərər görür, qlobal miqyasda isə beynəlxalq hüquqa inam zəifləyir.

Ən böyük itirən isə müharibənin davam etdiyi hər gün həyatını, evini və gələcəyini itirən sıravi insanlardır”.

Politoloq hesab edir ki, Ukrayna–Rusiya müharibəsinin sonu hərbi yox, siyasi qərarlardan asılıdır. “Diplomatik aktivliyin artması ümidverici görünsə də, tərəflərin mövqeləri hələ də kəskin şəkildə ziddir. Vasitəçilər prosesi yumşalda, Tramp kimi fiqurlar tempə təsir göstərə bilər, lakin əsas həlledici faktor kompromisə hazır olmaqdır: “Bu müharibə göstərdi ki, XXI əsrdə silahlar münaqişə yarada bilir, lakin sülhü yalnız siyasi iradə təmin edir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
109
bizimyol.info

1Mənbələr