
İnnovasiya və Təchizat Mərkəzi “Medeks” şirkəti ilə tibbi sərf mallarının satın alınması üzrə müqavilə imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, bağlanmış müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 865 346,51 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Medeks” MMC 25 fevral 2008-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-dir.
“Medeks” MMC-nin qanuni təmsilçisi Abbasov Elşən Yusif oğludur.
Şirkətin rəsmi veb-səhifəsində isə 2006-cı ildə təsis edildiyi qeyd olunub. Maraqlıdır ki, şirkət təsis edildikdən yalnız 2 il sonra dövlət qeydiyyatına alınıb.
Araşdırmalar zamanı məlum olub ki, Elşən Abbasovdan əvvəl şirkətin qanuni təmsilçisi Təhməzli Qoşqar İlahi oğlu olub və o, 2016-cı ilədək şirkətə rəhbərlik edib.
Mediada yayılan məlumatlara görə, “Medeks” MMC-nin təsisçisi də Qoşqar Təhməzlidir.
Qeyd edək ki, Qoşqar Təhməzli hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədridir və bu vəzifəyə 2017-ci ildə təyin olunub.
Mediada yer alan məlumatların təhlili göstərir ki, “Medeks” MMC-nin hələ də Qoşqar Təhməzlinin nəzarətində olduğu iddia edilir.