AZ

Ordubaddan İrəvanadək dəmiryolunu Rusiya təmir edəcək...(?)


Ceyhun Məmmədov: “Mehridəki dəmir yolu hissəsi bizim mülkiyyətimizdədir”

Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkə ərazisindəki dəmir yolu xətlərinin müəyyən hissələrinin yenidən qurulmasının vacibliyini qeyd edib.

O, Yerasx-Naxçıvan və Axurik-Türkiyə xətləri üçün Rusiyaya təcili müraciət etdiyini bildirib: "Mən rusiyalı həmkarlarımızdan təcili olaraq dəmir yolu xəttinin, xüsusən də Yerasx (Arazdəyən) kəndindən Naxçıvana və Axurikdən Türkiyəyə gedən hissənin tam yenidən qurulmasını istəmişəm".

Baş nazir yaxın gələcəkdə Ermənistanın İcevan şəhəri ilə Azərbaycanın Qazax şəhəri arasında dəmir yolu xəttinin də yenidən qurulması məsələsini qaldıracağını bildirib. Bu hissənin də mümkün qədər tez bərpasına ehtiyac olduğunu deyən Paşinyan, rusiyalı tərəfdaşlarının bu tələbləri tez bir zamanda yerinə yetirəcəyinə ümid etdiyini qeyd edib.

Rusiyanın TRIPP layihəsindəki rolu ilə bağlı sualı cavablandıran Paşinyan layihənin ikitərəfli Ermənistan-ABŞ layihəsi kimi müəyyən edildiyini bildirib və əlavə edib ki, üçüncü ölkələrin prosesə daxil edilməsi yalnız ikitərəfli formatda müzakirə edilə bilər.

Prezident İlham Əliyev çıxışlarından birində bildirmişdi ki, Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Yəni Ermənistanın Mehridəki dəmir yolu hissəsi Azərbaycanın mülkiyyətidir, onun Ermənistana heç bir aiyyəti yoxdur. Bir sözlə, Rusiya Ermənistanın dəmir yollarını alana qədər də belə olub, indi də belədir.

Qeyd edək ki, Ermənistan ərazisində olan dəmir yollarının, xüsusilə də Zəngəzur dəhlizində olan dəmir yolu Ermənistanın yox, Azərbaycanın mülkiyyətindədir.

Sovet dövründə Zəngəzurdan keçən dəmir yolu Azərbaycan dəmir yolları sisteminə daxil idi və o dəmir yolunun Ermənistan dəmir yolları ilə heç bir əlaqəsi yoxdur. Ermənistan müstəqil olana kimi 46 kilometrlik dəmir yolu əslində Azərbaycanın dəmir yolları sisteminə daxil olub.

Yəni onun bu gün Rusiyaya da heç bir aidiyyəti yoxdur. Çünki Ermənistan müstəqil dövlət olandan sonra Ermənistanın dəmir yollarını Rusiya aldı. Amma Mehridəki 46 kilometrlik dəmir yolu Ermənistan dəmir yollarına bağlı deyildi, o, Rusiyaya verilmədi. Yenə də Azərbaycanın dəmir yollarının içindədir.

“Birmənalı olaraq bu faktı Ermənistan qəbul etməlidir”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın baş nazirinin bu istiqamətdə dedikləri təəssüf doğurur. “Söhbət vaxtilə Azərbaycan ərazisindən keçən və Ermənistana gedən Azərbaycana məxsus dəmir yolundan gedir. Bu, Azərbaycana aid bir məsələdi və Azərbaycan dəmir yolu xəttidir. Cənab Prezident qeyd etmişdi ki, Mehridəki dəmir yolu hissəsi Azərbaycanın mülkiyyətidir, bunun Ermənistana heç bir aidiyyəti yoxdur. Amma biz Ermənistanın tərəfindən belə bir açıqlamanı görürük. Bu açıqlama yalnız və yalnız münasibətlərə xələl gətirən bir açıqlamadır. Ermənistan bir tərəfdən Azərbaycanla danışıq aparır, sülhə nail olmağa çalışır, digər tərəfdən isə biz fərqli yanaşmanı görürük ki, Paşinyan Rusiyaya səslənir. Bu dəmir yolu Azərbaycana məxsusdur. Mehridəki dəmir yolu hissəsi bizim mülkiyyətimizdədir. Birmənalı olaraq bu faktı Ermənistan qəbul etməlidir. O cür açıqlamalar verərkən Paşinyan diqqətli olmalıdır”.

C.Məmmədovun fikrincə, Paşinyan bu yöndə açıqlamalarında diqqətli olmalıdır ki, bu münasibətlərə yenidən xələl gətirməsin.

Leyla QARAXANLI

Seçilən
80
baki-xeber.com

1Mənbələr