AZ

İnnovasiya Mərkəzinin nümayəndəsi: Ən çox diqqətçəkən startaplar süni intellekt əsasında qurulan həllərdir

Bakı, 19 dekabr, AZƏRTAC

Hazırda həm regional, həm də beynəlxalq investorların diqqətini ən çox çəkən startaplar qlobal trendlərə cavab verən, xüsusilə də yüksək texnologiya və süni intellekt əsasında qurulan həllərdir.

Bu barədə AZƏRTAC-a SABAH.HUB İnnovasiya Mərkəzinin İdarə Heyətinin üzvü Orxan Abbasov məlumat verib.

Onun sözlərinə görə, dünyada innovasiya ekosistemi çox sürətlə dəyişir və həmin dəyişikliklərə ən çevik uyğunlaşan startaplar investorlar üçün daha cəlbedici olur: “Məsələn, süni intellektin biznes proseslərinə inteqrasiyası, süni intellekt (AI) modelləri, avtomatlaşdırma, səhiyyə və təhsildə rəqəmsal həllər, fintech-in yeni modelləri - bu sahələr bu gün investor portfellərinin əsas istiqamətlərini təşkil edir. Eyni zamanda, yalnız texnologiya tərəfi deyil, startapın miqyaslana bilmə potensialı, beynəlxalq bazarlara çıxış strategiyası və böyük həcmli auditoriyanı qısa müddətdə əhatə edə bilməsi də çox vacibdir. İnvestor üçün ən böyük sual budur: “Bu startap qlobal bazarda özünü doğruldub, rəqabətə tab gətirə biləcəkmi?” Məhz buna görə də region daxilində qlobal düşünən, məhsulunu yalnız lokal auditoriya üçün deyil, həm də Avropa, MENA və Amerika Birləşmiş Ştatları bazarları üçün dizayn edən startaplar daha çox diqqət çəkir. Həmçinin həmin startapların komanda strukturu, texniki bilik səviyyəsi və biznes modelinin dayanıqlılığı da vacib meyarlardandır”.

Seçilən
86
azertag.az

1Mənbələr