AZ

Monqol ətinə rəqib gəlir - Artıq Somali əti də bazara daxil olub - QİYMƏTLƏR

Azərbaycan Monqolustan, Braziliya və Ukrayna ilə yanaşı, artıq Somalidən də ət idxal edən ölkələr sırasına qoşulub. Rəsmi statistikaya əsasən, 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə idxal olunan dondurulmuş qoyun ətinin həcmi 291,16 tona çatıb, bu da 1,94 milyon ABŞ dolları dəyərində qiymətləndirilir. Sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz artım deməkdir.

İdxalda əsas pay yenə də Monqolustanın payına düşür. Belə ki, ümumi həcmin 244,66 tonu, dəyər ifadəsində isə 979,55 min dolları bu ölkənin hesabına düşüb. Bununla yanaşı, oktyabr ayından etibarən idxal coğrafiyası genişlənib və Azərbaycana Somalidən də 46,5 ton dondurulmuş qoyun əti gətirilib. Somali mənşəli bu məhsulların ümumi dəyəri təxminən 960 min dollar təşkil edib.

Qeyd edək ki, ilin ilk doqquz ayı ərzində idxalçı şirkətlər dondurulmuş qoyun ətini yalnız Monqolustandan alıblar. Həmin dövrdə ölkəyə 147,43 ton ət idxal olunub və bu idxalın ümumi dəyəri 589,72 min dollar səviyyəsində olub.

Monqolustan ətindən sonra Somali ətinin Azərbaycan bazarına daxil olması geniş müzakirələrə səbəb olur. Ehtimal olunur ki, Somali əti də Monqolustan əti kimi ucuz qiymətə satılacaq.

Bəs ətin ucuz olmasının səbəbi nədir?

Day.Az məsələni araşdırıb. 

Xarici mənbələrdə qeyd olunub ki, Somalidə ətin ucuz olmasının səbəbi ölkənin heyvandarlıq modeli və bazar şəraiti ilə bağlıdır. Monqolustan Asiyanın, Somali isə Afrikanın ən böyük heyvandarlıq ölkələrindən biridir. Somalidə milyonlarla qoyun, keçi və dəvə təbii otlaqlarda, əlavə yem xərci olmadan, əsasən köçəri üsulla bəslənir. İşçi və əmək xərcləri çox aşağıdır, sənaye yemçiliyi demək olar ki, yoxdur. Daxili bazarda əhalinin gəlirləri də aşağı olduğundan qiymətlər əhalinin imkanına uyğun formalaşır.

Somali ət bazarı əsasən regional bazarlardan ibarətdir və qiymətlər mövsümə və heyvan bolluğuna görə dəyişir. Qiymətlərin nisbətən aşağı olmasına baxmayaraq, düzgün logistika və soyuq zəncir qorunduqda, ət idxal üçün tam təhlükəsiz hesab olunur.

Bəs Somalidə halal kəsim mövcuddur?

Məlumdur ki, Somalidə əhalinin əksər hissəsi müsəlmandır. Ona görə də halal kəsim ölkədə geniş yayılıb.

Çox ehtimal ki, Azərbaycanda Somali əti də Monqolustan əti kimi 12-14 manat civarında satılacaq.

Maraqlıdır, Somalidə ətin qiyməti neçiyədir?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Somalidə təxminən 56 milyon baş heyvan var: 13,6 milyon qoyun, 30,9 milyon keçi, 5,3 milyon mal-qara və 7,1 milyon dəvə.

Qlobal kommersiya yönümlü heyvan qiymətləri platforması olan "Selinawamucii.com"da Somalidəki ət qiymətləri qeyd olunub. 

Somalidə 2024-2025-ci illər üzrə ətin və canlı heyvanların qiymətləri belədir. 

  • Canlı heyvanlar (diri çəkidə, kiloqram üzrə):
    • Qoyun: 4,3-8,5 AZN 
    • Keçi: 5,6-12,9 AZN
    • Mal-qara: 9,2-12,6 AZN
  • Kəsilmiş və təmizlənmiş ət (kiloqram üzrə):
    • Keçi əti: 5,6-10,4 AZN
    • Qoyun əti: keçi əti ilə oxşar və ya bir qədər aşağı

Kəsilmiş və təmizlənmiş ət isə kiloqramı üzrə qiymətləndirilir: keçi əti təxminən 3,3-6,1 ABŞ dolları (təxminən 5,6-10,4 AZN), qoyun əti isə adətən keçi əti ilə oxşar və ya bir qədər aşağı səviyyədədir.

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
85
day.az

1Mənbələr