"Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin siyasi-hüquqi yetkinliyinin, güclü dövlətçilik ənənələrinin və humanist dəyərlərə sadiqliyinin parlaq təzahürüdür".
Bunu Manset.az-a Milli Məclisin deputatı Vasif Qafarov deyib. Onun sözlərinə görə, müasir Azərbaycan dövlətçiliyinin əsasında Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və uzaqgörən siyasi iradəsi dayanır:
"Məhz Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, hüquqi sistemimizin və suverenliyimizin sarsılmaz bünövrəsini qoyub. Bu möhkəm təməl üzərində formalaşan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl, prinsipial və zamanın çağırışlarına uyğun şəkildə davam etdirilir.
Prezident İlham Əliyevin siyasətinin əsas ideoloji sütunlarından biri humanizmdir. İnsan amilinin ali dəyər kimi qəbul edilməsi, vətəndaş rifahının qorunması, sosial ədalət və mərhəmət prinsipləri dövlət başçısının bütün fəaliyyət xəttində açıq şəkildə öz əksini tapır. Cinayət-hüquq siyasətində humanizmin əsas prinsip kimi qəbul edilməsi də məhz bu yanaşmanın məntiqi nəticəsidir. Amnistiya təşəbbüsü isə bu humanist baxışın konkret və təsirli təzahürlərindən biridir.
Xüsusi qeyd etməliyik ki, bu təşəbbüs Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində tam bərqərar olunması, suverenliyimizin tam bərpası fonunda irəli sürülüb. Bu, xalqımızın tarixində misilsiz bir mərhələnin - Qələbə və suverenlik dövrünün humanizm və mərhəmət dəyərləri ilə tamamlanması deməkdir. Prezident İlham Əliyev cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, bu addımla cəmiyyətə güclü bir mesaj verir: dövlət güclüdür, ədalətlidir və eyni zamanda mərhəmətlidir".
Deputat qeyd edib ki, amnistiya aktının şamil olunacağı şəxslərin dairəsi də xüsusi təqdirəlayiqdir:
"Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, şəhid ailələrinin üzvləri, müharibə nəticəsində əlillik qazanmış vətəndaşlar, qadınlar, yaşlılar, yetkinlik yaşına çatmayanlar və az ictimai təhlükə törədən cinayətlərə görə məhkum olunmuş şəxslər üçün nəzərdə tutulan bu yanaşma sosial ədalətin və dövlət qayğısının bariz nümunəsidir.
Eyni zamanda qeyd etməliyik ki, bu amnistiya müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya aktı olacaq. On minlərlə insanın taleyinə birbaşa təsir göstərəcək bu qərar cəmiyyətin sosial harmoniyasının möhkəmlənməsinə, insanların yenidən normal həyata inteqrasiyasına və dövlətə inamın daha da güclənməsinə xidmət edəcəkdir.
Tarixi ardıcıllıq da onu göstərir ki, əfv və amnistiya institutları Azərbaycan dövlətçiliyində möhkəm ənənəyə çevrilib. Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasət daim humanizm, ədalət və ictimai sabitlik prinsiplərinə əsaslanıb. Bu gün təqdim olunan təşəbbüs də həmin dövlətçilik xəttinin məntiqi davamıdır.
Əminliklə deyə bilərik ki, bu amnistiya aktı yalnız hüquqi sənəd deyil, eyni zamanda güclü siyasi, sosial və mənəvi mesajdır. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan dövləti öz vətəndaşına inanır, ona ikinci şans verir və hər kəsin cəmiyyət üçün faydalı fərd kimi yenidən formalaşmasına imkan yaradır.
Bu baxımdan Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü yüksək qiymətləndirir, onu dövlətimizin humanist mahiyyətinin, güclü suverenliyinin və hüquqi dövlət prinsipinin parlaq təzahürü kimi tam dəstəkləyirəm".