AZ

İnternetdə fahişəlik çağırışları: Bu şəxslər HƏBS EDİLƏ BİLƏR

İnternet vasitəsilə fahişəliklə bağlı çağırışlar və ya sövdələşmələr məsələsi son dövrlərdə həm hüquq-mühafizə orqanları, həm də cəmiyyət arasında aktual mövzulardan birinə çevrilib.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsi və ya bu çağırışların kütləvi nümayiş etdirilməsi beş yüz manat məbləğində cərimə ilə nəticələnir.

Bəs görəsən, qapalı qruplarda yerləşdirilən elanlar, “inbox”a yönəldilən elanlar “kütləvi nümayiş” sayılır? Elanın sonradan silinməsi inzibati məsuliyyəti aradan qaldırırmı?

Qabil Səmədov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan media və internet hüququ üzrə ekspert Qabil Səmədov bildirib ki, qanunvericilikdə “kütləvi nümayiş” anlayışı yalnız ictimaiyyətə açıq platformalarda – sosial şəbəkələrdə, forumlarda, veb-saytlarda yayılan elan və çağırışlar üçün nəzərdə tutulmayıb:

“Qapalı qruplarda, məsələn messencerlərdə və ya şəxsi “inbox” vasitəsilə yönəldilən mesajlar da müəyyən hallarda kütləvi nümayiş kateqoriyasına aid edilə bilər. Əsas kriteriya mesajın potensial olaraq çoxsaylı şəxslərə çatması və məqsədin fahişəliklə məşğul olmağa təşviq edilməsi ilə bağlıdır. Qapalı qrup və ya fərdi göndərişin sayı və təbiəti, mesajın məqsəd və mahiyyəti inzibati məsuliyyətin müəyyənləşdirilməsində həlledici rol oynayır.”

Ekspert əlavə edib ki, elan və ya çağırışın sonradan silinməsi inzibati məsuliyyətdən qaçmaq üçün əsas sayılmır:

“Hüquq-mühafizə orqanları tərəfindən fakt müəyyən edildikdən sonra inzibati tədbir görülür. Yəni, elan silinsə belə, məsuliyyət aradan qalxmır. Burada məqsəd internet resurslarının qanunsuz istifadəsini qarşısını almaqdır və qanun buna görə geriyə dönük tədbirləri də nəzərdə tutur.”

Ekspertin sözlərinə görə, cərimənin tətbiqi bu problemin həlli baxımından qismən effektivdir, lakin tam nəticə əldə etmək üçün profilaktik tədbirlər də vacibdir:

“Cərimə müəyyən ölçüdə deterrent rolunu oynayır, yəni potensial qanun pozucularını caydırmaq gücünə malikdir. Amma internetdə anonimlik və mesajların sürətli yayılması faktoru bu sanksiyanın effektivliyini məhdudlaşdıra bilər. Bu səbəbdən cərimə ilə yanaşı, informasiya təhlükəsizliyi və ictimai maarifləndirmə işləri gücləndirilməlidir. Hüquqi məsuliyyətlə bağlı xəbərdarlıq, internet resurslarında monitorinq və media savadlılığının artırılması bu cür halların azalmasına yardım edə bilər.”

Səmədov vurğulayıb ki, qanunvericilikdə dəyişikliklər və texniki nəzarət mexanizmlərinin tətbiqi, həmçinin hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi bu problemin effektiv həllinə böyük təsir göstərə bilər:

“Sadəcə cərimə ilə yetinmək yetərli deyil. Onlayn platformalarda inzibati qanunvericiliyin tətbiqi, internet xidmət təminatçılarının məsuliyyətinin artırılması və ictimai maarifləndirmə tədbirləri birləşdirildikdə nəticə daha müsbət ola bilər.”

Seçilən
23
nocomment.az

1Mənbələr