AZ

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

Ağstafada “Konstitusiya və Suverenlik ili: nəticələr və nailiyyətlər” mövzusunda ümumrayon tədbiri keçirilmişdir.  Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Seymur Orucov  qeyd etdi ki, ölkəmizin öz milli dəyərlərinə sadiqliyinin təntənəsi olan “Konstitusiya və Suverenlik İli” rayon ərazisində əhalinin hüquqi maarifləndirilməsinin təbliği baxımından müstəsna rol oynadı və ağstafalılar bir daha əmin oldular ki, onların hüquq və azadlıqlarının qoruyucusu məhz Azərbaycan Konstitusiyasıdır. 

Sonra  rayon prokuroru Anar Cəfərov,  rayon məhkəməsinin sədri Natiq Abbasov, mədəniyyət işçisi Oruc Mansırov mövzuya dair məruzələrlə çıxış etdilər. Diqqətə çatdırdılar ki, Konstitusiyanın qəbulunun 30 illiyi və dövlət suverenliyimizin tam bərpası şərəfinə Prezident tərəfindən elan edilən “Konstitusiya və Suverenlik İli”ndə həm də Vətən savaşında Zəfərimizin 5 illiyi qeyd olunmuşdur.

Tədbirdə Vətən müharibəsi şəhidi Emin Əmrahovun qızı Zərda Əmrahova çıxış edərək rayonun orta məktəblərində “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən bilik yarışmasından və onun əhəmiyyətindən danışdı. 

 Ağstafa şəhər musiqi məktəbi şagirdlərinin rəngarəng çıxışından sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və hədiyyələri təqdim olundu.

Sabir ƏLİYEV,

“Azərbaycan”

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr