Hıçqırıq diafrqma əzələsinin qəfil və qeyri-iradi yığılması nəticəsində yaranır və əksər hallarda qısa müddətdə öz-özünə keçib gedir.
Pravda.az bildirir ki, sürətli yemək, qazlı içkilər, stres, eləcə də çox isti və ya soyuq qidalar hıçqırığa səbəb ola bilər.
Hıçqırığı dayandırmaq üçün nəfəsi bir müddət saxlamaq, soyuq su içmək, limon yemək və ya su ilə qarqara etmək kimi sadə üsullar tətbiq edilir. Bu üsullar hər kəsdə eyni təsiri göstərməsə də, bəzi hallarda faydalı ola bilər.
Həkimlər qeyd edirlər ki, tez-tez və uzun müddət davam edən hıçqırıq bəzi xəstəliklərin əlaməti ola bilər. Xüsusilə 48 saatdan artıq davam edən hıçqırıq zamanı mütləq tibbi yardıma müraciət etmək tövsiyə olunur.
Qeyd edək ki, hıçqırığın qarşısını almaq üçün tələsmədən yemək, həddindən artıq qidalanmamaq, qazlı içkilərdən və alkoqoldan uzaq durmaq məsləhət görülür.
Əminə Bayramova