AZ

Valideynlərin nəzərinə: Uşaqlarınız görünməyən təhlükə ilə üz-üzədir!

Son illər uşaq tədbirlərində, ticarət mərkəzlərində, ad günlərində və kütləvi şənliklərdə cizgi filmlərindən tanınan personajların – iri ölçülü, real görkəmli kostyumlarda canlandırılan obrazların geniş yayılması valideynlər və mütəxəssislər arasında ciddi suallar doğurur. İlk baxışdan bu personajlar uşaqlar üçün əyləncəli və maraqlı görünsə də, reallıqda azyaşlıların böyük bir qismi bu obrazlarla qarşılaşdıqda qorxu keçirir, ağlayır, özünü narahat hiss edir və bəzən uzun müddət sakitləşə bilmir.

Mütəxəssislərin fikrincə, problemin kökündə uşaqların yaş xüsusiyyətləri və qavrama mexanizmi dayanır. Erkən yaş dövründə uşaqlar fantaziya ilə reallıq arasındakı sərhədi aydın şəkildə ayırd edə bilmirlər. Ekranda seyr etdikləri cizgi filmi personajı onlara sevimli və təhlükəsiz görünə bilər, lakin eyni obrazın birdən-birə qarşılarında nəhəng ölçüdə, yüksək səsli, qeyri-təbii mimika və hərəkətlərlə peyda olması uşağın psixikasında təhlükə siqnalı yaradır. Xüsusilə nəhəng qarilla, canavar, əjdaha, yadplanetli və oxşar fiqurlar azyaşlılar üçün real təhdid kimi qəbul edilir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan psixoloq Günel Məmmədova bildirib ki, bu cür qorxu anları uşağın psixoloji inkişafında izsiz ötüşmür. Onun sözlərinə görə, qorxu və təşviş hormonlarının qəfil artması uşağın özünü güvənli hiss etdiyi mühiti sarsıdır: “Uşaq üçün təhlükəsiz mühit anlayışı çox həssasdır. Əgər o, valideynin yanında belə qorxu yaşayırsa, bu, gələcəkdə ümumi təşviş pozuntularına, qaranlıqdan, yad insanlardan və böyük fiqurlardan qorxunun formalaşmasına səbəb ola bilər. Bəzi uşaqlarda gecə qorxuları, yuxu pozuntuları və aqressiv davranışlar da müşahidə olunur”.

Psixoloq bildirib ki, məsələnin digər tərəfi isə cizgi filmlərinin öz məzmunudur:

“Bir çox müasir animasiya məhsulları sürətli kadr dəyişməsi, yüksək səs effektləri, mübarizə və zorakılıq səhnələri ilə zəngindir. Uşaq bu cür obrazları normal davranış modeli kimi qəbul edə bilər. Uşağın sevdiyi aqressiv personajın real həyatda “canlanması” onun beynində qorxu ilə marağın eyni anda yaranmasına səbəb olur. Bu ikili emosional vəziyyət isə uşağın davranışına mənfi təsir göstərərək əsəbilik, səbirsizlik və aqressiya kimi xüsusiyyətləri gücləndirə bilər”.

Günel Məmmədovanın sözlərinə görə, valideynlər və tədbir təşkilatçıları bu məsələyə daha məsuliyyətlə yanaşmalıdır:

“Uşaq tədbirlərində istifadə olunan personajlar mütləq yaş qrupuna uyğun seçilməlidir. İri ölçülü, qaranlıq rəngli, sərt mimikalı obrazlar əvəzinə daha sadə, yumşaq, tanış və mülayim fiqurlara üstünlük verilməlidir. Əgər uşaq personajdan qorxursa, onu zorla yaxınlaşdırmaq, ‘bunda qorxulu nə var’ demək düzgün deyil. Bu, qorxunu daha da dərinləşdirir”.

Mütəxəssis hesab edir ki, uşaqlar üçün əyləncə təhlükəsiz və psixoloji cəhətdən sağlam olmalıdır. Cizgi filmi personajlarının real mühitə gətirilməsi isə diqqətlə planlaşdırılmalı, uşaqların yaş xüsusiyyətləri, emosional həssaslığı və fərdi qorxuları nəzərə alınmalıdır:

“Əks halda, əyləncə məqsədi daşıyan bu görüntülər uşaqların yaddaşında travmatik xatirələrə çevrilə və onların psixoloji inkişafına mənfi təsir göstərə bilər”.

Seçilən
135
nocomment.az

1Mənbələr