AZ

Elektron imzadan istifadənin hansı üstünlükləri var?- AÇIQLAMA

Rəqəmsallaşmanın sürətləndiyi müasir dövrdə elektron imza və rəqəmsal şəxsiyyət anlayışları dövlət idarəçiliyindən tutmuş bank, təhsil və səhiyyə sahələrinə qədər geniş bir spektrdə əsas alətlərdən birinə çevrilib. Bu texnologiyalar kağız üzərində aparılan ənənəvi prosesləri əvəz etməklə yanaşı, hüquqi etibarlılığı qoruyur, vaxt və resurs itkisinin qarşısını alır, həmçinin vətəndaş–dövlət münasibətlərində daha çevik və şəffaf mexanizmlərin formalaşmasına imkan yaradır. Elektron imza və rəqəmsal şəxsiyyətin tətbiqi həm fərdlər, həm də təşkilatlar üçün bir sıra mühüm üstünlüklər təqdim edir.Bu barədə İKT eksperti Natiq Məmişov Missiya.Az-a danışıb."Elektron imzanın ən vacib üstünlüklərindən biri onun hüquqi etibarlılığı və sübut gücüdür. Bu mexanizm sənədin kim tərəfindən, nə vaxt imzalandığını və sonradan dəyişdirilib-dəyişdirilmədiyini dəqiq şəkildə təsdiqləməyə imkan verir. Beləliklə, elektron sənədlər hüquqi baxımdan kağız daşıyıcılar qədər etibarlı hesab olunur və mübahisəli hallarda sübut vasitəsi kimi istifadə edilə bilir. Sürət və rahatlıq baxımından da elektron imza böyük üstünlük yaradır. Fiziki görüşlərə, kağız dövriyyəsinə, kuryer xidmətlərinə və geniş arxivlərə ehtiyac azalır, bütün proseslər onlayn şəkildə qısa müddətdə tamamlanır. Bu isə həm vaxt itkisini minimuma endirir, həm də qərarların daha operativ qəbuluna şərait yaradır",-ekspert qeyd edib.

Natiq Məmişovun sözlərinə görə, xərclərin azalması elektron imzanın digər mühüm üstünlüyüdür. Çap, sənədlərin saxlanması, logistika, arxivləşdirmə və əlavə insan resursu xərcləri əhəmiyyətli dərəcədə aşağı düşür. Nəticədə təşkilatlar maliyyə resurslarını daha səmərəli istiqamətlərə yönəldə bilirlər. Elektron imza və rəqəmsal şəxsiyyət sistemləri şəffaflıq və izlənəbilənlik baxımından da üstün imkanlar təqdim edir. Hər bir əməliyyat üzrə elektron iz – audit trail formalaşır, kimin hansı əməliyyatı nə vaxt həyata keçirdiyi aydın şəkildə görünür. Bu, hesabatlılığı artırmaqla yanaşı, sui-istifadə risklərini də azaldır.

"Xidmətlərin əlçatanlığının artması xüsusilə regionlarda yaşayan vətəndaşlar üçün mühüm əhəmiyyət daşıyır. Elektron imza vasitəsilə bir çox dövlət və özəl xidmətlərə məsafədən, günün istənilən saatında – 24/7 rejimində çıxış mümkün olur. Bu da coğrafi maneələri aradan qaldıraraq bərabər imkanlar yaradır. Saxtakarlığa qarşı müdafiə baxımından da elektron imza ənənəvi üsullarla müqayisədə daha güclüdür. Düzgün və təhlükəsiz tətbiq edildikdə, saxta imza və sənəd dövriyyəsi riskini ciddi şəkildə azaldır, məlumatların bütövlüyünü qoruyur. Nəhayət, elektron imza və rəqəmsal şəxsiyyət müxtəlif sistemlərlə inteqrasiya imkanları yaradır. Bank, dövlət, təhsil və səhiyyə platformalarında “bir dəfə identifikasiya – çoxsaylı xidmətlər” modeli tətbiq edilə bilir. Bu yanaşma istifadəçi təcrübəsini sadələşdirir, xidmətlər arasında vahid və əlaqəli ekosistemin formalaşmasına töhfə verir",-N.Məmişov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
35
missiya.az

1Mənbələr