AZ

Futbol üzrə Mərakeş millisi Ərəb Kubokunun qalibi olub

Qahirə, 19 dekabr, AZƏRTAC

Dünən Qətərin “Lusayl” stadionu futbol üzrə Ərəb Kuboku turnirinin final oyununa ev sahibliyi edib. Həlledici görüşdə Mərakeş və İordaniya milli komandaları üz-üzə gəliblər.

AZƏRTAC-ın Mərakeşdəki müxbiri xəbər verir ki, qarşılaşmada ilk qolu 4-cü dəqiqədə Mərakeş yığmasının futbolçusu Ussama Tannane vurub. O, turnirin ən gözəl qollarından birinə imza atıb. Futbolçu uzaq məsafədən dəqiq zərbə ilə topu tora qovuşdurub. İordaniya seçməsi 48-ci və 68-ci dəqiqələrdə Ali Olvanın vurduğu qollarla hesabı öz xeyrinə dəyişib. Mərakeşli futbolçular əsas vaxtın başa çatmasına 3 dəqiqə qalmış Əbdürrazzaq Həmdallahın sayəsində hesabı bərabərləşdiriblər. Əsas vaxtda qalib müəyyənləşmədiyindən komandalar meydanda əlavə 30 dəqiqə mübarizə aparıblar. 100-cü dəqiqədə daha bir dəfə fərqlənən Həmdallah yekun hesabı müəyyənləşdirib – 3:2.

Beləliklə, Mərakeş millisi Ərəb Kubokunun qalibi olub.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
131
4
azertag.az

4Mənbələr