Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yeni infrastruktur layihələri ölkədə su təhlükəsizliyini necə dəyişə bilər?
Bu barədə ADSEA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yeni infrastruktur layihələri ölkədə su təhlükəsizliyini bir neçə sahədə gücləndirə bilər.
“Yeni su anbarları, kanallar və sutəmizləyici qurğular su təminatını artıraraq həm içməli su, həm də kənd təsərrüfatı üçün su resurslarının dayanıqlığını təmin edəcək. Eyni zamanda su itkisini minimuma endirəcək tədbirlər su resurslarının səmərəli idarə olunmasına imkan yaradacaq”, - deyə qurumdan bildirilib.
Qeyd edilib ki, yağış suyunun təkrar istifadəsi, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması, havadan və buluddan suyun əldə olunması layihələri artıq ilkin mərhələdədir: “Bu layihələr həm şəhər, həm də kənd ərazilərində su təhlükəsizliyinin yüksəlməsinə şərait yaradacaq, su çatışmazlığı riskini azaldacaq. Nəticədə ölkədə davamlı və etibarlı su idarəçiliyi təmin olunacaq, iqlim dəyişikliklərinin yaratdığı mənfi təsirlər daha effektiv şəkildə neytrallaşdırılacaq”.