AZ

İkili standartlar özünü sanksiya siyasətində də göstərir



Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən son dinləmələr əslində bölgədəki sülh prosesinə qarşı ciddi təxribat kimi qiymətləndirilə bilər. Görünən odur ki, Avropa İttifaqı müxtəlif platformalarda öz siyasətini Cənubi Qafqazdakı maraqları naminə qurur və bu, sistematik şəkildə Azərbaycanın maraqlarına zidd addımlar şəklində özünü göstərir. Belə bir yanaşmanın aydın nümunəsi Aİ-nin Ermənistanla imzaladığı son sənəddir. Həmin sənəddə ABŞ-ın vasitəçiliyi ilə hazırlanmış TRİPP layihəsinə istinadın olmaması, Avropa və Ermənistanın Vaşinqtonun təşəbbüslərinə qarşı çıxdığını göstərir.
Aİ daxilindəki sorosçu və liberal qrupların, bölgədə yaranan sülh gündəliyinə mane olmaq məqsədilə müxtəlif fəaliyyətlər yürütdüyü ortadadır. Avropa Parlamentində təşkil olunan dinləmələr də elə əslində buna xidmət edir. Azərbaycana qarşı sərgilənən gəzəli və tənqidçi mövqe sülh prosesinə mane olmaq niyyətinin açıq ifadəsidir. Qeyd etmək lazımdır ki, bu yanaşma Aİ-nin Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyində ikili standartların mövcud olduğunu bir daha nümayiş etdirir. Biz uzun illər ərzində Aİ-nin Gürcüstan, Ukrayna və Moldova kimi dövlətlərin ərazi bütövlüyünə necə dəstək verdiyini, amma Azərbaycan gəldikdə fərqli mövqe sərgilədiyini görmüşük.
İkili standartlar özünü sanksiya siyasətində də göstərir. Məsələn, Azərbaycanın bir neçə gəmisinə qarşı sanksiya tətbiq edən Aİ nədənsə hələ də Yunanıstan və Kiprin gəmiləri ilə bağlı oxşar qərarlar verməyə tələsmir və ya hələ də Rusiyadan böyük miqdarda neft alan Almaniya və digər Ai ölkələrinə qarşı müvafiq addımlar atmır. Rusiyaya sanksiyalardan yayınmaq üçün dəstək verən, Avropada istehsal olunan strateji məhsulların reeksporu ilə məşğul olan Ermənistanla bağlı oxşar qərarlar qəbul etmir.
Avropa Parlamentində insan haqları mövzusunda keçirilən dinləmələr də olduqca qərəzli xarakter daşıyır. Ermənistanın 2025-ci ildə yüzlərlə müxalifətçi, dini xadim və fəal şəxsi həbs etməsinə baxmayaraq, Aİ bu ölkə ilə bağlı heç bir dinləmə təşkil etməyib. Bunun əksinə olaraq, Azərbaycan hədəfə alınır, müharibə cinayətkarlarının azadlığa buraxılmasına dair çağırışlar edilir. Bu, Azərbaycanın sülh gündəliyinə mane olmaq və bölgədə ayırıcı xətlər çəkmək siyasətinin açıq ifadəsidir.
Lakin Aİ-nin bütün cəhdlərinə baxmayaraq qəti çəkildə aydındır ki, Azərbaycan özünün milli maraqları əsasında formalaşan siyasətindən, regionda sabitliyi və sülhü təmin etmək məqsədindən geri çəkilməyəcək. Avropa Parlamenti islamofob və turkofob təsisat olaraq Azərbaycanın hüquqi və strateji qərarlarına təsir göstərmək imkanına malik deyil. Azərbaycanın sülh və inkişaf yolundan dönməsinə heç bir beynəlxalq institut nail ola bilməz. Aİ-nin korrupsiyada batan strukturlarının başqalarının daxili işlərinə qarşımaq əvəzinə öz daxili problemləri ilə məşğul olması lazımdır.

Yusif Bağırzadə
Seçilən
68
19
newscenter.az

10Mənbələr