Azərbaycanlı futbolçu Murad Vəliyev Estoniyanın “Trans Narva” klubuna keçidindən sonra yeni komandasının rəsmi saytına geniş açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, o, həm karyerası, həm də gələcək planları barədə danışıb. Murad əvvəlcə soyadının yazılışı ilə bağlı məsələyə aydınlıq gətirib:
“Estoniyada Vəliyevdir, pasportumda belə yazılıb. Valiyev isə Azərbaycan versiyasıdır.”
Estoniya və Azərbaycan yığmaları arasında gələcək seçimi barədə danışan futbolçu bu mövzuya hazırda o qədər də fokuslanmadığını bildirib:
“Əvvəllər diqqətimi daha çox Azərbaycan yığmasına yönəltmişdim. İndi isə bu barədə çox düşünməməyə çalışıram. Əgər konkret maraq və ya söhbət olarsa, təbii ki, ünsiyyət quracağıq və işlərin necə gedəcəyini görəcəyik.”
23 yaşlı vinger Azərbaycan Premyer Liqasının səviyyəsini də yüksək qiymətləndirib:
“Azərbaycan Premyer Liqası hazırda çox güclüdür. Orada legioner limiti yoxdur. Bu da liqanın səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edir. ‘Qarabağ’ avrokuboklarda müntəzəm oynayır və ümumi səviyyə yüksəlir. Digər komandalar da ona uyğunlaşmağa çalışırlar.”
“Şamaxı”dakı mövsümün necə keçməsi ilə bağlı isə belə deyib:
“Kuboku da hesablasaq, 15 oyun keçirdim. İlk vaxtlar çox şans qazana bilmədim, amma mövsümün sonuna yaxın daha çox oynamağa başladım. Daha güclü oyunçu oldum və çoxlu müsbət təcrübə qazandım.”
Vəliyev yeni klubunu seçmə prosesində isə Estoniyaya qayıtmaq planının əvvəlcədən olmadığını deyib:
“Əslində yox. Sadəcə təkliflərə açıq idim və müxtəlif variantlara baxırdım. “Trans Narva”nın baş məşqçisinin ideyasını bəyəndim. Bu addımın karyeramda irəliyə doğru yaxşı bir addım olduğunu başa düşdüm. Xarici oyunçu sayılmamağım da öz rolunu oynayacaq, daha çox oyun vaxtı qazana biləcəyəm.”
Murad Vəliyev “Trans Narva” ilə 2027-ci ilin sonuna kimi müqavilə imzalayıb.