Bakı, 19 dekabr, Xatirə Cəfərova, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda bu il həyata keçirilən elmi-tədqiqat və innovasiya fəaliyyəti mühüm nəticələrlə yadda qalıb. Tədqiqat işlərinə geosistemlərdə təbii-antropogen təsirlər nəticəsində baş verən dinamiki dəyişikliklər və onların proqnozlaşdırılması, geomorfosistemlər və onların təbii ehtiyatlar potensialının tədqiqi, su ehtiyatlarının müasir vəziyyəti və dağ çaylarının sülb axımının öyrənilməsi, iqlim dəyişmələri və səhralaşmada iqlim amilinin rolu, torpaq-bitki örtüyünün antropogen deqradasiyası və bərpası yolları, regionların iqtisadi-coğrafi və demoqrafik problemlərindən çıxış yollarının axtarılması, davamlı turizm fəaliyyətinin öyrənilməsi və iqtisadiyyata tətbiqi, Xəzər dənizinin hidrometeoroloji prosesləri və hidrofiziki sahələrin kompleks təhlili və digər istiqamətlər aiddir.
İnstitutun direktor müavini, direktor vəzifəsini icra edən dosent Zaur İmrani AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar Coğrafiya İnstitutuna tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib: “Ən mühüm işlərdən biri Energetika Nazirliyinin “Azərbaycan Respublikasının iqlim xəritəsinin işlənib-hazırlanması və iqlim ehtiyatlarının müəyyən olunması” layihəsi çərçivəsində Coğrafiya İnstitutu tərəfindən “Azərbaycan Respublikası ərazisində istilik mövsümünün başlanması, bitməsi və davamiyyəti” ilə bağlı cədvəllər və xəritələrin hazırlanması olub. Belə ki, 1991–2020-ci illəri əhatə edən mövcud və bərpa edilmiş orta sutkalıq temperatur məlumatları əsasında istilik mövsümünün başlanması, bitməsi və davamiyyəti öyrənilib. Tədqiqat nəticəsində müəyyən edilib ki, dağlıq ərazilərdə bu göstəricilər yamacların istiqamətindən və yüksəklikdən asılıdır. Bununla yanaşı, ilk dəfə olaraq “Azərbaycan Respublikasında istilik mövsümünün başlanması, bitməsi və davamiyyəti” ilə bağlı fiziki-coğrafi vilayətlər üzrə cədvəllər tərtib edilib və xəritələr hazırlanıb”.
Zaur İmrani əlavə edib ki, 2024-2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq coğrafi informasiya sistemləri (CİS) əsasında elektron su atlasının yaradılmasında və “Elektron su təsərrüfatı” informasiya sisteminin funksional imkanlarının artırılmasında Coğrafiya İnstitutu yaxından iştirak edib. Milli Strategiyaya uyğun olaraq, xəritələrin hidroloji modellərlə inteqrasiyası, su ehtiyatlarının dəyişmə tendensiyalarının süni intellekt əsasında proqnozlaşdırılması və rəqəmsal su resursları atlasının hazırlanması istiqamətində Qudyalçay, Viləşçay, Lənkərançay, Ataçay və digər çayların hövzələri boyunca ekoloji vəziyyət öyrənilib. Lənkəran-Astara və Quba-Xaçmaz iqtisadi rayonları üzrə 30-dan çox su mənbəyi müəyyənləşdirilib, onların koordinat məlumatları və texniki vəziyyəti sənədləşdirilib. Hər bir su obyektinin topoqrafik, hidroloji və hidrotexniki göstəriciləri sistemləşdirilərək Milli Strategiyanın monitorinq mexanizminə daxil edilə biləcək formada təqdim olunub. Təhlillər nəticəsində müəyyən olunub ki, suyun səviyyəsində müşahidə olunan azalma yalnız iqlim amilləri ilə deyil, həm də antropogen təsirlər, xüsusilə sugötürmə və suvarma məqsədli axınların yönləndirilməsi ilə sıx bağlıdır.
Dosent Zaur İmrani qeyd edib ki, Böyük Qayıdışa dair Dövlət Proqramı ilə əlaqədar olaraq Laçın və Xocav rayonlarının meşə örtüyü və relyefinin 3D modelinin hazırlanması Coğrafiya İnstitutuna tapşırılıb. 3D modellər ərazinin coğrafi quruluşunu daha realistik şəkildə təqdim etməklə yanaşı, ekoloji tədqiqatlarda, landşaft planlaşdırılmasında, turizm marşrutlarının təyinində və tədris prosesində geniş istifadə olunur. Bu işdə “ArcGİS” 10.5 proqramı, “OpenStreetMap” (OSM) məlumatları və Rəqəmsal Elevasiya Modeli (DEM) əsasında Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modeli hazırlanıb. Coğrafiya İnstitutunun 2025-ci il ərzində 9 qrant layihəsi olub ki, onlar içərisində ən əhəmiyyətlisi “Coğrafi təhsil və tədqiqat innovasiyası: Azərbaycanda iqlim uyğunlaşmasının birgə strategiyaları” adlanır. Bu qrant layihəsi DAAD (Alman Akademik Mübadilə Xidməti) təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilib. Layihə çərçivəsində iyunun 15-dən iyulun 15-dək tələbə mübadiləsi proqramı əsasında fəlsəfə doktoru hazırlığı üzrə dörd nəfər, iki magistrant və iki bakalavriat Almaniyanın Gissen Universitetində ezamiyyətdə olub. Səfər zamanı məkan məlumatlarının toplanması və analizi, turizm marşrutlarının təşkili, geopark məfhumu və onun üstünlükləri barədə dərslər və ekspedisiyalar təşkil olunub. Bundan əlavə, Avropa Komissiyasının “Horizon-2020” innovasiya və tədqiqat proqramı çərçivəsində “Miqrant agentliyi üçün tarix və arxivlərin əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu üzrə qarışıq təsvirlər”, “Davamlı kənd təsərrüfatının inkişafı hesabına Azərbaycan icmalarında iqlim dayanıqlığının artırılması”, “Xərc-fayda analizi və kəhrizlərin seçilmə metodologiyası”, “Azərbaycanda iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair məlumatlandırma” və s. layihələri də misal göstərmək olar.
Müsahibimiz 2025-ci ildə Coğrafiya İnstitutu ilə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti və Gürcüstanın Coğrafiya İnstitutu arasında elmi əməkdaşlıq barədə memorandumların imzalandığını, həmçinin Qazaxıstanın Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu ilə Xəzər dənizinin tədqiqi sahəsində elmi əməkdaşlıq əlaqələrinin yaradılmasının planlaşdırıldığını bildirib.
Dosent Zaur İmrani elm-tədqiqat işləri ilə bağlı məlumat verərək deyib: “Son illər Coğrafiya İnstitutu tərəfindən ölkə iqtisadiyyatına töhfə verə biləcək elmi araşdırmalar aparılıb və bir sıra mühüm nəticələr əldə edilib. Bunlar sırasında, müasir iqlim dəyişmələri fonunda Azərbaycanın iqlim şəraitinin və sinoptik proseslərin tədqiqi; Azərbaycanın su ehtiyatlarının müasir vəziyyətinin və dağ çaylarının sülb axımının tədqiqi; Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin təsərrüfat sahələrinin müasir ərazi təşkili və perspektivləri yer alıb. Həmçinin Qarabağ və Şərqi Zəngəzur regionlarının müasir təbii ekosistemlərinin inkişaf dinamikası, antropogen transformasiyası və təbii ehtiyat potensialının qiymətləndirilməsi; Qarabağ geomorfoloji vilayətinin təbii relyef resursları, onlara antropogen təsirin yaratdığı təhlükə və risklərin qiymətləndirilməsi, monitorinq xəritələrinin tərtibi; müasir dövrdə Xəzər dənizinin səviyyə dəyişmələri ilə sahil zonasında dinamiki proseslər arasında əlaqələrin öyrənilməsi istiqamətlərini bu sıraya aid etmək olar. Bu il Coğrafiya İnstitutunda 2 jurnal, 11 kitab, 1 kataloq, 1 lüğət, 2 atlas və 2 test vəsaiti çap olunub. Əməkdaşlar 228 məqalə çap etdirib, onlardan 65-i xaricdə, 53-ü isə “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc olunub. Həmçinin 6 tezis hazırlanıb və onlardan 3-ü xaricdə nəşr edilib.