AZ

Özbəkistan rəsmisi: Dünyanın hər yerindən türk dünyasına qarşı yönəlmiş dezinformasiyalar yayılır

Biz hazırda türk dünyası üçün ortaq bir media platforması yaratmağa hər zamankından daha çox ehtiyac duyuruq.

Bunu Teleqraf-a açıqlamasında bu gün Türkiyədə keçirilən Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunun ikinci günündə Özbəkistan Respublikasının “Aloqabank”ın prezidenti, dil, mənəvi və maarif məsələləri üzrə dövlət müşaviri Xamza Djumaev deyib.

O bildirib ki, dünyanın müxtəlif yerlərindən, müxtəlif mövzular üzrə türk dünyasına qarşı yönəlmiş dezinformasiya yayılır.

"Trk dövlətlərinin arasını poza biləcək, siyasi və diplomatik münasibətlərə təsir göstərə biləcək məlumatlar ötürülür. Bunlara qarşı cavablı və möhkəm dayana bilməyimiz üçün bir platformaya ehtiyac var. Lazım gələrsə, dövlət səviyyəsində, prezidentlər səviyyəsində bu cür bir təşəbbüsün irəli sürülməsi həm dezinformasiya ilə mübarizədə, həm də etibarlı rəsmi məlumat əldə etmək baxımından son dərəcə önəmlidir. Bu bir televiziya kanalı ola bilər, bir radio platforması və ya sosial media platforması ola bilər. Yəni Türk dünyası dövlətlərinin hər birinin müəyyən vaxt çərçivəsində həmin platformaya məlumat yerləşdirməsini təmin etmək lazımdır. Bu, həm bizə təsir edən, kənardan gələn təhlükəli informasiyalara qarşı durmaq və möhkəm cavab vermək, həm də Türk dünyasının səsini yüksəltmək baxımından çox vacibdir. Eyni zamanda universitetlərimizin ortaq jurnalistlər yetişdirən, birgə təhsil verən məktəblər, kurslar və proqramlar təşkil etməsi də bu sahədə çox gözəl nəticələr verə bilər".

O, Azərbaycan, Türkiyə və Özbəkistanın onsuz da qardaş ölkələr olduğunu və media sahəsində də münasibətlərin çox yaxın olduğunu vurğulayıb.

"Məsələn, mən Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Eyni zamanda Türkiyədə KGK qurumunun üzvüyəm və Özbəkistan üzrə nümayəndəsiyəm. Həmçinin Özbəkistan Jurnalistlər Birliyinin də üzvüyəm. Hazırda mənim eşitdiyimə görə, Azərbaycanda “Namus” adlı serial yayımlanır və çox böyük maraqla izlənilir. Tamaşaçılar bundan çox razıdırlar. Bu, bizi əlbəttə ki, sevindirir. Çünki ortaq mədəniyyətimiz var. Məsələn, Azərbaycan dilində olan mahnılar bizim toylarımızda da səslənir. Füzuli, Nizami Gəncəvi kimi böyük söz ustadlarının əsərlərini biz də sevə-sevə oxuyuruq. Buna görə də Azərbaycan media sahəsində belə bir informasiya mübadiləsi aparmaq, dostluğumuzu daim gücləndirmək təkcə iki dövlət üçün deyil, bütün Türk dünyası üçün çox böyük faydalar verəcək", - o əlavə edib.

Seçilən
72
teleqraf.com

1Mənbələr