Belçikanın Baş naziri Bart de Vever Ukraynanın maliyyələşdirilməsi ilə bağlı Avropa Birliyinin sammitindən sonra mətbuat konfransı keçirib.
Herbiand.az bildirir ki, de Vever jurnalistlərlə danışarkən zarafatla bir söz deyib.
O, Sankt-Peterburqdakı bağ evinə getməli olduğunu söyləyib: “İndi qonşum Depardye (fransız aktyor Jerar Depardye – red.) və küçənin o biri tərəfində Əsədin (keçmiş Suriya prezidenti Bəşər Əsəd – red.) yaşadığı Sankt-Peterburqdakı bağ evimə getməliyəm. Və düşünürəm ki, orada mer ola bilərəm”.
O, jurnalistlərə “bu barədə yazmağı” məsləhət görüb.
Bart de Vever nəyə görə belə zarafat etdiyini izah etməyib. Lakin məlumdur ki, Belçika hakimiyyəti AB-də dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilən krediti maliyyələşdirmək üçün müsadirəsinə qarşı çıxan ölkələrdən biridir.
Qeyd edək ki, fransız aktyoru Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığını alıb. Bəşər Əsəd isə 2024-cü ildə Suriyada hakimiyyət dəyişikliyindən sonra ailəsi ilə birlikdə Rusiyaya qaçıb.
Bəxtiyar CƏFƏRLİ