AZ

Amnistiya aktı milli birliyin növbəti nümunəsi olacaq - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Bu gün müzakirə etdiyimiz məsələ təkcə hüquqi akt deyil, insan talelərinə toxunan, dövlətin böyüklüyünü və mərhəmətini nümayiş etdirən tarixi bir addımdır. Cənab Prezidentin 20 min nəfəri əhatə edən Amnistiya aktını Milli Məclisə təqdim etməsi Azərbaycan dövlətçiliyinin humanist ruhunun, güclü ədalət və vicdan anlayışının parlaq təzahürüdür”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, əfv və amnistiya - zəifliyin deyil, gücün göstəricisidir. Güclü dövlət bağışlamağı bacaran dövlətdir. Bu təşəbbüs cəmiyyətə açıq mesaj verir: Azərbaycan dövləti insanı itirmir, insanı yenidən qazanmağa çalışır.

"Bu amnistiya aktı çərçivəsində Vətən qarşısında misilsiz xidmətləri olmuş insanların taleyinə xüsusi həssaslıqla yanaşılması son dərəcə vacibdir. Söhbət bir zamanlar silahı əlinə alaraq bu torpağı qoruyan, sağlamlığını, gəncliyini, ailə səadətini vətənə qurban vermiş insanlardan gedir. Bu baxımdan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı təşkilatların rəhbərlərinin bu amnistiyaya tətbiq edilməsini xahiş edirəm. Bu təşkilatlar və rəhbərləri hazırda istintaq altındadır. Bu insanlar dövlətin yükü deyil, dövlətin şərəfidir. Onlar bir vaxtlar dövlət üçün ayağa qalxdılar, bu gün isə dövlətin mərhəmətinə ümid edirlər. Onların həyatında veriləcək bu qərar təkcə hüquqi nəticə yaratmayacaq - ailələrə ümid, övladlara gələcək, cəmiyyətə müsbət mesaj verəcək. Hər kəs səhv edir, vacib olan dəyərlərdən biri səhvi anlayıb düzgün yola qayıtmaqdır. Bu Amnistiya aktı Azərbaycan dövlətinin mərhəmət siyasətinin, sosial ədalət anlayışının və milli birliyin növbəti nümunəsi olacaq. Möhtərəm Prezidentin bu təşəbbüsünü tam dəstəkləyir, onun əhatə dairəsinin vətən yolunda iz qoymuş insanlarımızı, müxalifət nümayəndələrini və jurnalistləri də içinə almasını arzu edirik. Çünki Azərbaycan dövləti unutmayan, qiymət bilən və bağışlamağı bacaran dövlətdir”, - deputat təkliflə çıxış edib.

Tahirə Qafarlı

Seçilən
121
3
hafta.az

4Mənbələr