Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycanın Ermənistana neft məhsulları göndərməsi sülh prosesinə əlavə stimul verəcək, etibarlılığını artıracaq. Bunlar rəsmi Bakının sülh prosesinə sadiqliyini, xoş niyyətini göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Strateji Təhlil üzrə Ekspert Mərkəzinin (STEM) direktoru Orxan Yolçuyev deyib.
O bildirib ki, Bakının bu addımı Ermənistan cəmiyyətində düşüncə aydınlığına, sağlamlaşmaya səbəb olub.
“Azərbaycan açıq formada bəyan edir ki, artıq tarixin müharibə səhifəsi geridə qalıb və biznesə, regionda inkişafa və bu inkişafdan faydalanmağa başlamaq lazımdır. Azərbaycanın belə layihələri həyata keçirməsi regionda sabitliyin dayanıqlılığını artıracaq. Neft məhsulları arasında xüsusi çəkisi olan Aİ-95 markalı benzinin tədarükü normallaşma prosesinə müsbət təsir göstərməklə yanaşı Ermənistanın Rusiyadan asılılığını azaldacaq və strateji ehtiyatlarının təmin olunmasına imkan yaranacaq. Strateji məhsullardan olan Qazaxıstan buğdasının Azərbaycan üzərindən Ermənistana ötürülməsi ilə regionda tranzit məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində mühüm addım atıldı. Ermənistan benzin idxalından ciddi şəkildə asılıdır. Bu illər ərzində ölkə neft məhsullarının, o cümlədən benzinin idxalı məsələsində əsasən Rusiyadan asılı olub ki, buda bəzi beynəlxalq məsələlərdə rəsmi İrəvan üçün məhdudiyyətlər yaradırdı. Azərbaycanın bu jesti — neftimizin, o cümlədən Aİ-95 markalı benzinin Ermənistana göndərilməsi — onların strateji məhsullarının diversifikasiyasına imkan yaradır.
Eyni zamanda, Ermənistan bizim satacağımız neft məhsulları hesabına öz strateji ehtiyatlarını da təmin etmiş olur. Hazırda ölkənin neft və yanacaqla bağlı strateji ehtiyatları tükənmək üzrədir, xüsusilə qış aylarında neft məhsullarına tələbat daha da artacaq”, - deyə O.Yolçuyev qeyd edib.