Paris, 19 dekabr, AZƏRTAC
Parisdə yerləşən və təxminən 3 min əməkdaşı olan “Magellan Partners” adlı şirkət daxili qaydalarına neytrallıq maddəsi əlavə edib. Bu maddəyə əsasən şirkət əməkdaşlarından iş yerində siyasi, dini və ya fəlsəfi inanclarını davranış, geyim və ya çıxışlarında nümayiş etdirməmək tələb olunur.
AZƏRTAC xəbər verir ki, Fransanın onlayn mediası “StreetPress” bu barədə araşdırma aparıb.
Araşdırmaya görə, bu dəyişiklikdən sonra başı örtülü azı iki qadın əməkdaş, eləcə də bu qərarın qanuniliyini şübhə altına alan bir rəhbər işdən azad edilib.
Əmək hüququ pozulanları müdafiə edən vəkil Aleksandra Jonjis bu qərarların ayrı-seçkilik xarakteri daşıdığını bildirib. O, əmək qanunvericiliyinin dini inanclara görə işdən çıxarılmanı qadağan etdiyini də xatırladıb.
İddialarla bağlı mediaya açıqlama verməyən “Magellan Partners” müxtəliflik və inklüzivlik dəyərlərinə sadiq qaldığını rəsmi olaraq bəyan edib.