AZ

Səməd Seyidov: Avropa Parlamenti sülhü deyil, qərəzli siyasəti müzakirə etməyi seçdi

Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında çıxışı zamanı Avropa Parlamentinin Azərbaycana qarşı növbəti qərəzli mövqeyini sərt tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Deputat bildirib ki, Azərbaycan beynəlxalq müstəvidə mühüm uğurlar əldə etdikcə, Avropa Parlamenti yenidən məkrli siyasətini ortaya qoyur. Onun sözlərinə görə, Avropa Parlamenti regionda sülhün müzakirəsinə töhfə vermək əvəzinə, tamamilə fərqli və destruktiv mövqe sərgiləyib.

Səməd Seyidov vurğulayıb ki, Avropa Parlamenti əslində Qafqazda sülhün bərqərar olunması ilə bağlı açıq müzakirələr təşkil etməli, Azərbaycan nümayəndələrini dialoqa dəvət etməli idi. Lakin bunun əvəzinə qurum qərəzli yanaşmanı seçib. Deputat Avropa Parlamentini Avropanın dərin siyasi və mənəvi böhranının “güzgüsü” adlandırıb.

Onun sözlərinə görə, yalan, böhtan, korrupsiya və ikili standartlar Avropa Parlamentinin fəaliyyətinin əsas elementlərinə çevrilib. Səməd Seyidov COP29 çərçivəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini, lakin Avropa Parlamentinin buna yalnız boykot çağırışları ilə cavab verdiyini qeyd edib.

Deputat həmçinin Vaşinqtonda əldə olunan mühüm diplomatik uğurun da Avropa Parlamentinin gündəmindən kənarda saxlanıldığını vurğulayıb. O bildirib ki, Avropa Parlamentində keçirilən son müzakirələr zamanı qurumun bəzi üzvləri özləri belə Azərbaycanın region üçün vacibliyini və Azərbaycan-Ermənistan sülh prosesinin əhəmiyyətini etiraf ediblər.

Səməd Seyidov çıxışında Azərbaycanın bu gün beynəlxalq arenada sözünü açıq və yüksək səviyyədə demək gücündə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın dünya miqyasında nüfuzunu və hörmətini təmin edib.

Deputat sonda Milli Məclisin Avropa Parlamentinin qərəzli mövqeyinə cavab olaraq qəbul edəcəyi bəyanatın kəskin və konkret olmalı olduğunu bildirib və rəhbərlik etdiyi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu bəyanatı tam dəstəkləyəcəyini qeyd edib.

Afət ZİYADQIZI

Seçilən
91
operativmm.az

1Mənbələr