AZ

Elşən Musayev: Avropa Parlamentinin qəbul etdiyi qətnamənin reallıqla heç bir əlaqəsi yoxdur

Milli Məclisin deputatı Elşən Musayev parlamentin payız sessiyası üzrə növbəti plenar iclasında çıxışı zamanı Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi son qətnaməni kəskin tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərəzli və əsassız qətnamə qəbul edib və həmin sənədin həqiqət və reallıqla heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, bu, ilk presedent deyil və Azərbaycan dəfələrlə bu cür ədalətsiz yanaşmalarla üzləşib. Buna baxmayaraq, ölkə heç vaxt düzgün bildiyi yoldan dönməyib və bundan sonra da mənasız tələblərə əhəmiyyət verməyəcək.

Elşən Musayev qeyd edib ki, qətnamədə guya pozulmuş insan hüquqlarından danışılır və bəzi konkret şəxslərin adları çəkilir. Deputat vurğulayıb ki, həmin şəxslərdən bəziləri insanlıq əleyhinə cinayətlər törətməkdə, ekstremizm və separatizmi təbliğ etməkdə ittiham olunurlar.

Çıxışında konkret adlara da toxunan deputat bildirib ki, Avropa Parlamenti bu cür şəxslərin müdafiəsini anti-Azərbaycan qüvvələrin təqdim etdiyi siyahılar əsasında qurur. Onun sözlərinə görə, bu yanaşma həm ədalətsizdir, həm də siyasi sifariş xarakteri daşıyır.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanda söz, siyasi mübarizə və dini etiqad azadlığı mövcuddur, lakin təhqir, təxribat, konstitusion quruluşu zorla dəyişmək və Vətənə xəyanət kimi əməllər azadlıq anlayışı ilə ört-basdır edilə bilməz. Bu cür halların həm siyasi, həm də hüquqi müstəvidə cavabsız qalmayacağını vurğulayıb.

Elşən Musayev sonda qeyd edib ki, Azərbaycan nə digər ölkələrdə olduğu kimi xarici müdaxilələrə açıqdır, nə də insan hüquqları şüarı altında daxili işlərinə qarışılmasına imkan verəcək. Deputat vurğulayıb ki, Azərbaycan qalib və güclü dövlətdir və bu reallıqla hesablaşmaq lazımdır.

Seçilən
217
operativmm.az

1Mənbələr