“Ölüm halları artıb”, “ölüm gəncləşib”, “hər gün ölüm xəbəri alırıq” və s. Bu fikirləri tez-tez eşidirik, sosial şəbəkələrdə oxuyuruq, görürük. Bəs bunlar nə qədər həqiqətdir? Azərbaycanda doğrudanmı ölüm artıb, gəncləşib yoxsa ölümlə bağlı xəbərlər kütləvi yayılır və belə bir təsəvvür yaradır?
Rəsmi statistikaya görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 14172 ölüm halı qeydə alınlb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 5,6-ya düşüb. Bu 3 aylıq göstəricidir.
Dövlət Statistika Komitəsi 10 aylıq nəticələri də elan edib. Qurumun məlumatına görə, bu ilin on ayı ərzində ölkədə 49846 ölüm halı qeydə alınıb. Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.
Məsələ ilə bağlı “Yeni sabah”a danışan fəlsəfə doktoru, sosioloq Mail Yaqub bildirib ki, bu yanlış təsəvvürün formalaşmasının səbəbləri var:
“Psixologiyada “əlçatanlıq evristikası” adlanan bir anlayış mövcuddur. Bu o deməkdir ki, insanlar hadisələri qiymətləndirərkən statistik məlumatlara deyil, daha çox son günlərdə və ya aylarda gördüklərinə əsaslanırlar. Məsələn, əgər son günlər məhəlləmizdə 3-4 cinayət hadisəsi baş veribsə və bunların hamısı yeniyetmələrlə bağlıdırsa, hadisələr ard-arda yaşandığı üçün insanlarda belə bir fikir formalaşır ki, cəmiyyət və yeniyetmələr “korlanıb”. Halbuki bu nəticə statistikaya əsaslanmır, sadəcə son dövrdə baş verən hadisələrin təsiri ilə yaranır.

Eyni hal təyyarə qəzaları ilə bağlı da müşahidə olunur. Bir təyyarə qəzası baş verdikdən sonra insanlar müəyyən müddət ərzində təyyarəyə minməkdən qorxurlar. Halbuki statistika göstərir ki, təyyarə ən təhlükəsiz nəqliyyat vasitələrindən biridir. İnsanlar risk qiymətləndirməsini faktlara yox, son vaxtlar eşitdikləri hadisələrə əsasən aparırlar”.
Sosioloqun fikrincə, sosial şəbəkələrdə tez-tez paylaşılan ölüm xəbərləri də insanlarda yanlış təəssürat yaradır:
“Hazırda sosial şəbəkələrdə tez-tez paylaşılan ölüm xəbərləri də insanlarda məhz bu əlçatanlıq evristikasını formalaşdırır. Nəticədə belə bir təəssürat yaranır ki, son vaxtlar ölüm halları xeyli artıb. Doğrudur, statistika göstərir ki, təəssüf ki, Azərbaycanda ürəktutmaları səbəbilə ölüm halları kifayət qədər yüksəkdir və hətta səhv etmirəmsə, bu göstəriciyə görə ölkəmiz dünyada ikinci sıradadır. Lakin ümumi ölüm halları ilə bağlı nəticə çıxarmaq üçün emosional təəssüratlarla danışmaq doğru deyil, rəsmi statistikaya baxmaq lazımdır.
Bu yanaşma təkcə ölüm hadisələrinə yox, ümumiyyətlə, bütün hadisələrə aiddir. Buradan isə belə bir sual yaranır: ölüm hadisələrinin “Facebook” kimi sosial şəbəkələrdə paylaşılması nə dərəcədə doğrudur? Məncə, bu, doğru deyil”.
O xatırladıb ki, hələ illər əvvəl televiziya kanallarında qətl, intihar və zorakılıq hadisələrinin mediada işıqlandırılmasının düzgün olub-olmaması ilə bağlı müzakirələr aparılırdı: “Bu cür xəbərlərin sosial mediada geniş şəkildə paylaşılması insanlara mənfi psixoloji təsir göstərir. Təəssüf ki, media qurumları çox vaxt sensasiya axtarışında olurlar və düşünürlər ki, bu tip xəbərlər daha çox oxucu və baxış toplayır. Məhz buna görə də belə paylaşımlara üstünlük verilir. Amma bu məsələnin təkcə nəsihət və çağırışlarla həll olunmadığı məlumdur. Düşünürəm ki, bu sahə müəyyən qanunvericilik çərçivəsində tənzimlənməlidir”.
Kardioloq Arzuman Talıbov bildirib ki, son zamanlar gənclər arasında ürək-damar xəstəlikləri, o cümlədən, ürəklə bağlı qəfləti ölüm hallarında artım müşahidə olunur:

“Son zamanlar gənclərdə və orta yaşlı insanlarda ürək-damar xəstəlikləri və o cümlədən qəfləti ürək ölümü artıb. Ürək-damar xəstlikləri içərisində qəfləti ölümə ən çox ürəyin işemik xəstəliyi (ÜİX) xüsusən onun kəskin təzahür olan miokard infarktı səbəb olur. ÜXİ (miokard infarkt) artmasına oturaq həyat tərzi, qeyri-sağlam qidalanma (xüsusən sadə karbohidradlar, fast-food qidalara üstünlük vermək), az yuxu, hipertoniya, xolesterin yüksəkliyi, siqaret,diabet, piylənmə, xüsusən qarın tipli piylənmə,stress kimi risk faktorlar səbəb olur. Xüsusən də son zamanlar insulinə rezistentlik, metobalik sindrom, piylənmə, diabet, az yuxu, siqaret, elektron siqaret, qəlyan istifadəsi kimi risk faktorlarının gənclər arasında artması ürək xəstəliklərini cavanlaşdırıb”.
Həkim ürək üçün təhlükə mənbələri arasında elektron siqaretin üzərində xüsusi dayanıb. O vurğulayıb ki, bunun zərəri elmi əsaslarla sübuta yetirilib, amma cəmiyyətdə elektron siqaretin zərərsiz olması barədə fikirlər dolaşır:
“Cəmiyyətdə elektron siqaret və qəlyanın daha zərərsiz olduğu kimi yanlış fikirlər var. Amma tibbi fakt budur ki, həm elektron siqaret, həm də qəlyan ənənəvi siqaret qədər ürək-damar sistemi üçün zərərlidir”.
A.Talıbov söyləyib ki, genetik faktorlar gənc yaşda qəfil ürək ölümlərinə səbəb ola bilər: “Buna bəzi irsi ürək əzələsi xəstəlikləri, ürək ritmini pozan və qəfləti ölümə səbəb olan ürəyin irsi elektrik xəstəlikləri və irsi yüksək xolesterin daxildir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız