AZ

Milli maraqlardan qlobal nüfuza: Prezident İlham Əliyevin liderliyi dövründə Azərbaycan

Bakı, 19 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi dövrü müasir Azərbaycan dövlətçiliyinin ən parlaq, sistemli və strateji inkişaf mərhələsi kimi tarixə düşüb. Bu 22 il ölkəmizin həm daxili, həm də beynəlxalq müstəvidə güclənməsi, müstəqilliyinin möhkəmlənməsi və milli maraqlarının qətiyyətlə təmin olunması ilə səciyyələnir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, eyni zamanda, beynəlxalq miqyasda söz sahibi olan, etibarlı tərəfdaş və güclü dövlət kimi tanınıb. Beynəlxalq arenada Azərbaycan balanslaşdırılmış və praqmatik xarici siyasət modeli ilə fərqlənib. Dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli diplomatiya nəticəsində Azərbaycan həm Qərb, həm Şərq, həm də İslam dünyası ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurub. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi nüfuzlu beynəlxalq platformalarda ölkəmizin mövqeləri güclənib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüquq normaları çərçivəsində ardıcıl şəkildə müdafiə edilib. Xüsusilə Qoşulmama Hərəkatına uğurlu sədrliyi Azərbaycanın qlobal miqyasda artan nüfuzunun bariz nümunəsinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, iqtisadi sahədə həyata keçirilən islahatlar Azərbaycanı postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən birinə çevirib: “Enerji strategiyasının uğurla reallaşdırılması, neft və qaz layihələrinin beynəlxalq əməkdaşlıq formatında icrası ölkəmizin enerji təhlükəsizliyində mühüm aktor kimi mövqeyini möhkəmləndirib. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə siyasəti, regionların sosial-iqtisadi inkişaf proqramları iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlılığın təmin olunmasına xidmət edib. Azərbaycanın maliyyə ehtiyatlarının artması, strateji valyuta ehtiyatlarının formalaşması ölkənin iqtisadi müstəqilliyini daha da gücləndirib. Prezident İlham Əliyevin daxili siyasətinin əsas prioritetlərindən biri sosial rifahın yüksəldilməsi olub. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqlarının və pensiyaların mərhələli şəkildə artırılması, ünvanlı sosial yardım mexanizmlərinin təkmilləşdirilməsi sosial dövlət konsepsiyasının real nəticələrini ortaya qoyub. Təhsil, səhiyyə və sosial infrastruktur sahələrində həyata keçirilən genişmiqyaslı layihələr vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə yönəlib. İctimai-siyasi sabitliyin qorunması İlham Əliyev siyasətinin əsas dayaqlarından biri olub. Ölkə daxilində təhlükəsizlik mühitinin təmin edilməsi, radikal və destruktiv təhdidlərin vaxtında qarşısının alınması Azərbaycanın sabit inkişafı üçün möhkəm zəmin yaradıb. Hüquqi dövlət və institusional idarəetmə mexanizmlərinin möhkəmləndirilməsi cəmiyyətlə dövlət arasında etimadın artmasına səbəb olub”.

Deputat qeyd edib ki, Azərbaycanın hərbi gücünün artırılması və milli müdafiə sənayesinin inkişafı Prezident İlham Əliyevin strateji baxışının mühüm tərkib hissəsidir: “Ordunun maddi-texniki bazasının gücləndirilməsi, müasir silah və texnologiyalarla təchiz olunması, yerli hərbi sənaye kompleksinin yaradılması ölkənin müdafiə qabiliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu siyasətin ən parlaq nəticəsi Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etməsi olub. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər dövlətimizin gücünü, xalq-ordu birliyini və siyasi rəhbərliyin qətiyyətini bütün dünyaya nümayiş etdirib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri Prezident İlham Əliyevin uzaqgörən siyasətinin davamıdır. Azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, nəqliyyat-logistika layihələrinin reallaşdırılması həmin bölgələrin ölkə iqtisadiyyatına reinteqrasiyasını təmin edir. Eyni zamanda, məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı humanist və ədalətli dövlət siyasətinin bariz təzahürüdür. İdman və mədəniyyət sahələrində qazanılan uğurlar da Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayıb. Bakının iri beynəlxalq idman yarışlarına və mədəni tədbirlərə ev sahibliyi etməsi ölkəmizin açıq, tolerant və müasir dövlət kimi tanınmasına xidmət edib. Milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin dünyada təbliği dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörənliyi, prinsipial mövqeyi və milli maraqlara əsaslanan dövlət idarəçiliyi sayəsində mümkün olub. Onun rəhbərliyi ilə Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya, möhkəm beynəlxalq mövqeyə və sabit cəmiyyətə malik müasir dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. 22 illik Prezidentlik dövrü Azərbaycanın müstəqil tarixində davamlı inkişaf, milli qürur və strateji uğurlar dövrü kimi dəyərləndirilir”.

 

Seçilən
104
azertag.az

1Mənbələr