İsmayıllı, 19 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşəbbüsü, İsmayıllı rayon təhsil sektorunun təşkilatçılığı ilə “Qloballaşan dünyada məktəb-şagird-valideyn münasibətləri: problemlər və həlli yolları” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı polis mayoru Rahim Orucov, rayonun ümumtəhsil müəssisələrinin direktorları, müəllimlər və valideynlər iştirak ediblər.
Çıxış edənlər qloballaşan dünyada təhsil prosesində məktəb, şagird və valideyn münasibətlərinin düzgün qurulmasının əhəmiyyətindən danışıb, mövcud problemlər və onların aradan qaldırılması yolları barədə fikirlərini bölüşüblər. Bildirilib ki, sağlam təhsil mühiti formalaşdırmaq üçün məktəb və ailə arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xüsusi önəm daşıyır.
Tədbirdə uşaq hüquqlarının qorunması, şagirdlərin psixoloji durumu, valideyn məsuliyyəti və hüquqi maarifləndirmə məsələləri də diqqət mərkəzində olub. Mövzu ilə bağlı hazırlanmış maarifləndirici videoçarx iştirakçılara nümayiş etdirilib.
Konfrans zamanı Bakı şəhərindən övladını İsmayıllı rayonundakı “Talıstan” liseyinə təhsil almağa gətirən valideyn çıxış edərək təhsil müəssisəsində yaradılan şəraitdən məmnunluğunu ifadə edib, həmçinin valideyn-məktəb əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı təkliflərini səsləndirib.