"Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi, nəinki onun xoşagəlməyən xislətinə, mərəzinə çevrilib eyni zamanda görünür ki onun fəaliyyət formasına çevrilməkdədir".
Redaktor.az xəbər verir ki, bunu vitse-spiker Əli Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında bildirdi.
Onun sözlərinə görə, əslində, həqiqət ondan ibarətdir ki, Avropa Parlamenti uzun illər Azərbaycana qarşı olan qərəzli mövqeyi ilə Azərbaycan ictimaiyyətinin gözündə özünü tənqid etmək hüququnu itirib:
"30 il ərzində Azərbaycanın haqlı mövqeyini müdafiə etmək üçün səs tapa bilməyən Azərbaycan vətəndaşlarının, məcburi köçkünlərin 30 il ərzində məşəqqət içərisində yaşamasına göz yuman, Azərbaycanın torpaqlarının geri qaytarılması üçün Azərbaycanın haqlı mövqeyini müdafiə edə bilməyən bir qurumun indi Azərbaycan haqda tənqidlər səsləndirməsinə heç bir mənəvi haqqı yoxdur.
İndinin özündə də Avropa Parlamenti, təəssüf hissilə qeyd eləmək lazımdır ki, Cənubi Qafqazda sülhün bərqərar olmasına müxtəlif üsullarla mane olmağa çalışır. Azərbaycanla Ermənistan arasında əməkdaşlığın yaranmasına əngələ çevrilmək istəyir. Bütün bunların hamısı Avropa Parlamentinin anti-Azərbaycan xislətinin çox xoşagəlməyən formalarından biridir. Avropa Parlamentinin xoşagəlməyən xislətinin, əslində isə mahiyyətinin digər bir təzahürü onun suveren dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərindən ibarətdir.
Təbiidir ki, heç bir dövlət öz suveren hüquqlarını kiməsə, o cümlədən də Avropa Parlamentinə bəxş etmək, hədiyyə etmək fikrində deyil. Azərbaycan da bu mənada istisna deyil. Avropa Parlamenti çox müxtəlif formalarda digər qurumlarla, çox təəssüf ki, bir yerdə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaqla yanaşı, bu ölkələrə xaricdən ayrı-ayrı məqsədlərə xidmət edən müxtəlif təxribatlar, inqilablar adı altında zorakılıq formaları ixrac etməyə çalışırlar. Təbiidir ki, heç bir dövlət buna imkan verməz və təbii ki, Azərbaycan da bu mənada istisna deyil".
Əli Əhmədov bildirdi ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli heç bir haqq qazandıra bilməyən mövqeyinə Azərbaycan cəmiyyəti həmişə kəskin mövqeyini ifadə edib:
"Azərbaycan Parlamenti, Milli Məclis həmişə öz kəskin mövqeyini ifadə edib. Avropa Parlamentinin Azərbaycana qarşı son təxribatçı bir qətnaməsi də Azərbaycan ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənəcəkdir və Azərbaycan ictimaiyyətinin kəskin mövqeyi Avropa Parlamentinin qərəzli mövqeyinə hesab edirəm ki, ən layiqli cavab olacaqdır".
Aminə ŞAHSUVARQIZI