AZ

Aİ Ukraynaya əlavə 90 milyard kredit ayırır

Avropa İttifaqı (Aİ) üzv ölkələrinin liderləri Ukraynanın 2026–2027-ci illər üzrə maliyyə ehtiyaclarının Rusiyanın dondurulmuş aktivləri hesabına deyil, 90 milyard avro məbləğində ortaq borclanma yolu ilə qarşılanması barədə razılığa gəliblər.

"Cebheinfo.az" xəbər verir ki, Aİ Şurasının sədri Antonio Koşta və Aİ Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsindən sonra mətbuat konfransı keçiriblər.

“Bu gün Ukraynaya qarşıdakı 2 il üçün 90 milyard avro maliyyə dəstəyi göstərilməsi qərarını təsdiqlədik. Ukraynaya Aİ büdcəsi tərəfindən təmin edilən kredit verəcəyik. Bu kredit Ukraynanın təcili maliyyə ehtiyaclarını ödəyəcək və Ukrayna onu yalnız Rusiyadan təzminat alındıqdan sonra geri qaytaracaq”, - deyə  Koşta bildirib.

Koşta Aİ liderlərinin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların uzadılmasını da qəbul etdiklərini bildirib.O vurğulayıb ki, Rusiyanı danışıqlar masasına gətirməyin yeganə yolu Ukraynanı güclü saxlamaqdır.Aİ-nin Ukraynanın yanında lazım olduğu müddətcə dayanacağını qeyd edən Koşta deyib:

“Ukraynaya siyasi və maliyyə dəstəyimiz müharibə zamanı da, sülh dövründə də, yenidənqurma mərhələsində də heç vaxt azalmayacaq”.

Ukraynaya kredit üçün nəzərdə tutulan Aİ ortaq borclanmasının maliyyə öhdəliklərinə Macarıstan, Slovakiya və Çexiyanın qoşulmaması ilə bağlı Koşta belə deyib:

“Aİ Şurasının sədri olaraq bütün üzv ölkələrin fərqli mövqelərinə hörmət etməliyəm. Xüsusilə Ukrayna məsələsində müxtəlif baxışlar var. Amma əsas olan bu müxtəlifliyə baxmayaraq lazım gəldikdə qərar qəbul edə bilməyimizdir”.

Aİ Komissiyasının sədri Ursula fon der Lyayen isə deyib:

“Ukraynanın qarşıdakı iki il üçün təcili maliyyə ehtiyaclarını qarşılamaq məqsədilə bir araya gəldik və bunu bacardığımızı deməkdən məmnunluq duyuram”.

Ursula fon der Lyayen xatırladıb ki, Aİ Komissiyası liderlərə Ukraynaya maliyyə dəstəyi üçün iki variant təqdim edib: Aİ-nin bazarlardan borclanması və ya Rusiyanın dondurulmuş aktivlərindən təzminat krediti verilməsi.

Seçilən
59
cebheinfo.az

1Mənbələr