Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan təsviri sənət tarixində elə şəxslər olub ki, onlar hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, sənət ideallarını daha uzaq zamanlara hesablayaraq əsərlər yaradıblar. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı professor Mikayıl Abdullayevin yaradıcılığı bu qəbildəndir. Sənətkarın ilham mənbəyi, yaradıcılığının mayası doğma vətəni Azərbaycan, onun gözəllikləri idi. Rəssamın dilindən söylənən “Azərbaycan, doğma vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” fikirləri də bunu təsdiqləyir. Bu gün Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 104-cü ildönümüdür.
AZƏRTAC bu münasibətlə rəssamın həyat və yaradıcılığının bəzi məqamlarına nəzər salır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Mikayıl Abdullayev təsviri sənətin bütün sahələrində - dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s. elə əsərlər yaradıb ki, bütün zamanlarda baxımlı və maraqlıdır. Onun əsərlərinə sakit ürəklə baxıb keçmək olmur. Hər bir ştrixi, xətti, rəngi düşündürücüdür. Rəssamın “Mingəçevir işıqları” əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgilənib. Elə ilk fərdi sərgisi də Moskvada keçirilib. O, doğma Bakıya qayıdanda artıq tanınan, sevilən məşhur rəssamlardan biri idi. Yaradıcılığı getdikcə daha da püxtələşirdi.
Rəssamın xatirələrində böyük bəstəkar Üzeyir Hacıbəyli ilə olan görüşləri xüsusi qeyd olunur. Teatr muzeyinin yaradılması ilə əlaqədar ekspozisiyada Üzeyir Hacıbəylinin də portreti olmalı idi. Bu şərəfli işi Mikayıl Abdullayevə tapşırıblar. O vaxta kimi Üzeyir bəy heç bir rəssama razılıq verməyib ki, onun portretini çəksin. Mikayıl Abdullayevə olan rəğbətinə görə gənc rəssamın arzusunu rədd etmədi. Beləliklə, bu xoşbəxtlik Mikayıl Abdullayevə qismət oldu ki, üç dəfə Üzeyir Hacıbəylinin portretini naturadan çəkdi. Bu portret 1943-cü ildə yaradılıb. O vaxt V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil alan gənc rəssamın 22 yaşı vardı. Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verən Üzeyir bəy isə 58 yaşında idi. Sonralar qələmə aldığı “Unudulmaz obraz” adlı məqaləsində Mikayıl Abdullayev yazırdı: “Üzeyirlə görüşdüyüm, söhbət etdiyim, onun portretlərini yaratdığım günlər həyatımın ən əziz xatirələridir... Üzeyirin mənə bağışladığı fotonu göz bəbəyi kimi qoruyuram. Onun portretini işlədiyim günlərdə tənəffüsarası müğənni və solistlər tez-tez Üzeyir müəllimin yanına məsləhətə gələrdilər. Fikrət Əmirovu, Niyazini, Soltan Hacıbəyovu, Süleyman Ələsgərovu, Əşrəf Abbasovu, Hacı Xanməmmədovu mən ilk dəfə Üzeyir müəllimin yanında görmüşdüm. Böyük bəstəkarımız öz tələbələrinə ata məhəbbəti ilə yanaşır, diqqətlə dinləyir və onlara qayğıkeşlik göstərirdi. Gənc bəstəkar xanımları - Ağabacını, Ədiləni, Şəfiqəni doğma qızları kimi sevirdi”.
Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü Əsəd Quliyev rəssam haqqında belə yazıb: “O, müxtəlif illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və digər ölkələrə etdiyi səfərlərdən sonra bütün təəssüratlarını kətan üzərinə köçürürdü. Rəssamın bu rəsmlər silsiləsində “Benqal qızları”, “Racəstan qadınları”, “Qoşa əfqan”, “C.Mansu” kimi əsərləri milli və fərdi xarakteristikası, plastikası, kolorit zənginliyi ilə seçilirdi. O, “Ü.Hacıbəyli”, “Səməd Vurğun”, “M.F.Axundzadə”, “M.F.Vaqif”, “İmadəddin Nəsimi”, “Pianoçu F.Bədəlbəyli”, “Yunis Əmrə” və s. portretlərində rəssam təsvir etdiyi şəxsiyyətlərin daxili aləminə, psixologiyasına nüfuz etməyi, onların iç dünyasını açmağı ustalıqla bacarıb. Mikayıl Abdullayev həm də bir sıra kitablara çəkdiyi illüstrasiyaların müəllifi kimi tanınıb. “Kitabi-Dədə Qorqud” dastanına, Nizaminin “Xəmsə”sinə, Füzulinin “Leyli və Məcnun” poemasına, Mirzə İbrahimovun “Gələcək gün”, Süleyman Rəhimovun “Şamo” romanlarına və s. verdiyi bədii tərtibat, işlədiyi rəsmlər həm əsərlərin mövzusuna uyğunluğu, həm də orijinallığı ilə fərqlənirdi. SSRİ Xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, Azərbaycanın İncəsənət xadimi professor Mikayıl Abdullayevin cənub bölgəsindəki səfərindən yadigar qalan əsərləri hazırda rəng çalarının əlvanlığı ilə diqqət çəkir. “Masallı süitası”, “Balaca çoban”, “Məktəbli qızlar”, Azərbaycan çöllərində”, “Masallı qızları”, “Lənkəranlı qız”, “Çəltik becərənlər”, “Tarlada”, “Abşeronda”, “Xaçmaz qızları”, “Qarabağlı qızlar”, “Astarada çay yığımı” və digər tabloları maraqlı və baxımlı idi”.
Dövlət müstəqilliyimizi qazandıqdan sonra rəssam Ümummilli Lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görülüb. Ulu Öndər Heydər Əliyevin sevdiyi rəssamların sırasında Mikayıl Abdullayevin öz yeri vardı. Xalqımız həmişə bu böyük və unudulmaz rəssamla fəxr edib. Rəssamın əsərləri hazırda dünyanın bir sıra muzeylərində saxlanılır: Dehlidə, Londonda, Monrealda, Moskvada və başqa şəhərlərdə.
Bakı metrosunun “Nizami” stansiyasından hər gün yüzlərlə insan keçir. Onlar bu stansiyanın interyerinin tərtibatındakı gözəlliyi dəfələrlə seyr edirlər. Buradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır.
Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də 80 yaşında vəfat edib.