Avropa İttifaqının (Aİ) açıqlamasına görə, Ukraynaya 2026–2027-ci illər üçün 90 milyard avro məbləğində kredit ayıracaq ölkələr sırasında Macarıstan, Slovakiya və Çexiya yer almayıb.
Editor.az xəbər verir ki, Brüsseldə keçirilən sammit zamanı Aİ ölkələri Ukraynaya kreditin dondurulmuş Rusiya aktivləri hesabına verilməsi ideyasından imtina ediblər. Bunun əvəzinə, Aİ-yə üzv dövlətlər öz milli büdcələri hesabına Ukraynaya ümumilikdə 90 milyard avro kredit ayırmaq barədə razılığa gəliblər.
Aİ Şurası bildirib ki, sözügedən kreditin təminatında iştirak edəcək ölkələr arasında Macarıstan, Slovakiya və Çexiya yoxdur. Şuranın açıqlamasında qeyd olunub ki, Aİ büdcə vəsaitlərinin bu kredit üçün zəmanət kimi səfərbər edilməsi Çexiya, Macarıstan və Slovakiyanın maliyyə öhdəliklərinə təsir göstərməyəcək.
Eyni zamanda, Aİ sammitinin yekun bəyanatında Ukrayna məsələsi kontekstində dondurulmuş Rusiya aktivlərinə dair hər hansı qeyd yer almayıb.
Xatırladaq ki, daha əvvəl Avropa Şurasının Prezidenti Antonio Koşta Aİ ölkələrinin Ukraynaya 2026–2027-ci illər üçün 90 milyard avro kredit ayrılması barədə razılıq əldə etdiklərini açıqlamışdı.
Almaniya kansleri Fridrix Merts Rusiyanın Ukraynaya “təminat” ödəyənədək Avropadakı Rusiya aktivlərinin dondurulmuş vəziyyətdə saxlanılacağını bildirib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə Aİ-nin dondurulmuş Rusiya aktivlərindən Kiyevə kredit ayrılması məqsədilə istifadə hüququnu özündə saxladığını vurğulamışdı.
//Gülnarə Abasova, Editor.az