“Sabah”ın “Qarabağ” qələbəsilə liderliyə yüksəlməsi işin dadını artırır. Ancaq bu matç heç-heçə bitsəydi belə, komandanın ümumi çıxışı xoş sözlərə layiqdir. Valdas Dambrauskas ipi yaxalayıb, işini göstərir.
Çox yaxşı komanda olub “Sabah”. Ən vacib məsələ də budur. Hansısa oyunçuya yox, oyuna bağlı sistem. Bu, uzunmüddətli uğurlu nəticələrin əsas açarı sayıla bilər.
Sakit, hay-küydən uzaq və davamlılıq. “Sabah” bəlkə ilk dəfədir ki, bu tepmdə irəliləyir. “Bayquşlar” illərdir stabillik problemi yaşayıb. Çempionatın ən etibarsız komandalarından biri olub. Ancaq çempionatın son 12 oyununda 8 qələbə və 4 heç-heçə bu havanı nisbətən dəyişir.
Ümumiyyətlə, məşqçi komandaları hər zaman hiss olunur, kənarda qalmır. Dambrauskasın işi hələlik çox yaxşıdır. Məsələ sadəcə nəticə deyil. Dünənki oyunda “Sabah” məğlub da ola bilərdi.
Ağdam klubunun buna imkanları oldu. Amma bu, “Sabah”ın axsamasından daha çox, “köhlən atlar”ın gücündən irəli gəlir. Bu ölkədə “Qarabağ”la oynamaq çətindir. Bu gücü göz ardı etmək olmaz.
Oyun elə görsənirdi ki, litvalı mütəxəssis bir xaldan məmnun idi. Məhz bu amil mənim üçün çox dəyərlidir. Çünki küyə qapılmaq yalnız uduzdurur. Qarşındakı rəqibə görə davranmalısan. Bu, qorxaqlıq deyil, ağıllı olmaqdır. Bacaranlar həmişə nəticə qazanır.
Məsələn, “Qarabağ” “Ayaks”la matçda bunu edə bilmədi. Vacib üç xalı qazanmağa az qalmış emosiyalara məğlub oldu. Elə dünən də heç-heçə Ağdam klubunu liderlikdə saxlayırdı. Amma təzyiq edib qol vura bilmədi, azmış kimi, təzyiq görmədən də qol buraxdı.
Qurban Qurbanovun yetirmələri ancaq irəli getmək, qələbə qazanmaq barədə düşünür. Öz işləridir. Bəlkə belə də olmalıdır. Amma bəzi matçları vəziyyətə uyğun oynamağı öyrənmək lazımdır. Bu da böyüməyin bir detalıdır. Əgər dünən “Qarabağ” heç-heçəni qorumağa çalışsaydı, bu gün hələ də lider idi.
Əksini iddia edənlər də ola bilər. Amma turnir cədvəli göz önündədir. “Qarabağ”ın ikinci olması önəmli deyil. Sabah yenə liderliyi ala biləcək gücdədir. Amma bəzi məsələləri yenidən gözdən keçirmək hər zaman faydalıdır.
Həsən Quluzadə