ain.az, Bizimyol portalına istinadən məlumat verir.
“2024-cü ilin aprel ayında süni intellektlə bağlı konsepsiya, cari ilin yanvar ayında rəqəmsallaşma üzrə müvafiq strategiya, 2023-cü ildə isə kibercinayətkarlığa qarşı mübarizə proqramı təsdiqlənib. Lakin həmin sənədlərdə uşaqların hüquqlarının qorunmasına dair ayrıca mexanizmlər nəzərdə tutulmayıb”.
Bizimyol.info xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Uşaqların zərərli informasiyadan qorunması" mövzusunda keçirilən brifinq zamanı komitənin nümayəndəsi Elgün Səfərov deyib.
Komitənin nümayəndəsi vurğulayıb, bu məqamları nəzərə alaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqları ilə bağlı yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanıb. Bildirilib ki, sənədin hazırlanmasında dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi əsas məqsədlərdən biridir:
“Yeni fəaliyyət planı çərçivəsində rəqəmsallaşma və süni intellektin uşaqlara təsiri ayrıca istiqamət kimi araşdırılacaq. Süni intellektin həm müsbət, həm də mümkün mənfi təsirlərinin öyrənilməsi, bu sahədə elmi araşdırmaların aparılması və innovasiyaların təşviqi tədbirlər planında öz əksini tapıb”.
Qeyd olunub ki, sənəd uşaqları həm rəqəmsal xidmətlərin istifadəçiləri, həm də xüsusi müdafiəyə ehtiyacı olan sosial qrup kimi nəzərdə tutur. Milli Fəaliyyət Planında uşaq strategiyası, uşaqların hüquqlarının qorunması və digər əlaqəli istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Leyla Mirzə, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.