Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bir vaxtlar hər evdə bir dəftərçə olardı. Qalın-qalın səhifələri vardı, kənarları bir az saralmış, içi isə tanış adlarla dolu. O dəftərçənin ən qiymətli yeri ev telefonlarının nömrələri idi. Qohumun, dostun, uzaqdan-uzağa tanışın nömrəsi səliqə ilə yazılardı. Bayram axşamları isə o dəftərçə stolun üstünə qoyulardı və evin böyüyü bir-bir nömrələri yığmağa başlayardı.
Zəng etmək bir ritual idi. Telefonun səsi gələnə qədər ürək döyünərdi, açılan kimi isə əvvəl hal-əhval tutulardı, sonra bayram təbriki edilərdi. Uzun-uzadı danışılmasa da, səsin özü kifayət edərdi. “Yadımıza düşmüsünüz” deməyin ən səmimi forması idi o zənglər.
O vaxtlar bu adət bir az formal görünürdü. Sanki borc yerinə yetirilirdi. Bayram gəlibsə, zəng etməlisən. Etməsən, ayıb sayılar. Amma indi düşünəndə anlayırsan ki, o formallığın içində böyük bir ehtiyac var imiş. səsə, diqqətə, xatırlanmağa olan ehtiyac.
İndi hər kəsin cibində yüzlərlə nömrə var. Adlar telefonun yaddaşındadır, amma münasibətlər yavaş-yavaş oradan silinir. Bir düymə ilə göndərilən “Bayramınız mübarək” mesajı var, amma səs yoxdur. Emojilər var, amma səmimiyyət çox vaxt itib. Bir zamanlar bir zənglə qurulan bağlar indi onlarla mesajla da yaranmır.
Ən maraqlısı odur ki, bu gün o köhnə zənglərə daha çox ehtiyac duyuruq. İnsanlar tənha qalıb, sükut çoxalıb. Bayram axşamları səs-küylü olsa da, telefonlar səssizdir. Hamı paylaşır, amma az adam həqiqətən danışır.
Bəlkə də o ev dəftərçələri sadəcə nömrələrdən ibarət deyildi. Onlar münasibətlərin xəritəsi idi. Kim kimə nə qədər yaxındır, kim kimə vaxt ayırır hamısı orada gizlənmişdi. İndi isə münasibətlər “onlayn”dır, amma hisslər çox vaxt “oflayn” qalır.
Zaman dəyişib, texnologiya inkişaf edib. Amma insanın ehtiyacı dəyişməyib. Səsə, diqqətə, xatırlanmağa olan ehtiyac hələ də var. Bəlkə də bu bayram bir mesaj yox, bir zəng edək. Köhnə adəti xatırlayaq. Çünki bir vaxtlar formal sandığımız şey, əslində bir-birimizə ən çox lazım olan şey imiş.
Leyla Mirzə, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.