ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda taksidə müştərinin çantasından düşmüş bank kartı ilə sürücü mağazada alış-veriş verib. Bu hərəkətinə görə də cəzalandırılıb.
Bizimyol.info xəbər verir ki, 41 yaşlı taksi sürücüsü idarə etdiyi avtomobildən tapdığı bank kartındakı pulu xərcləməyə görə oğurluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1 (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.
Sürücü məhkəmədə ifadə verərkən özünü təqsirli bilməyib. O, bildirib ki, oğurluq etməyib. Həmin gün sonuncu müştərini aparıb düşürəndən sonra maşını təmizləyib. Bu vaxt ayaq altından bank kartı tapıb. Sonuncu müştəri pakistanlılar olduğuna görə düşünüb ki, kart onlara məxsusdur. Bu səbəbdən də onlara zəng edib. Lakin bildiriblər ki, kart onların deyil: “Bundan sonra marketə gedib, o kartla alış-veriş elədim. Daha sonra benzin, siqaret və s. aldım”.
Kartın kimə məxsus olduğu aydınlaşandan sonra sürücü kartdan xərclədiyi pulu zərərçəkmişə ödəyib.
Zərərçəkmiş də məhkəmədə ondan şikayətçi olmayıb, dəymiş ziyanın ödənildiyini bildirib. Restoranda şirniyyatçı işlədiyini deyən zərərçəkmişin sözlərinə görə, həmin gün “Bolt” taksisi ilə evə gələndə pulqabını açıb ki, sürücüyə gedişhaqqını ödəsin. Hesab edir ki, Beynəlxalq Banka məxsus kart da həmin vaxt düşüb. Lakin xəbəri olmayıb. Ertəsi gün günorta saatlarında proqrama daxil olarkən kartdan pul xərcləndiyini və balansın sıfır olduğunu görüb: “Bundan sonra bankla əlaqə saxladım, kartı bloklatdırdım və polisə şikayət elədim”.
İttihama əsasən, kartdan 403 manat pul xərclənib.
Bu əməlinə görə sürücüyə 1 il 3 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Bu müddətdə o, üzərində elektron nəzarət vasitəsilə (elektron qolbaq) gəzməli, gecə saat 23.30-dan səhər saat 7-yə qədər yaşadığı evi tərk etməməlidir. Həmçinin 1 il 3 ay ərzində Bakı, Abşeron və Sumqayıtdan kənara çıxmaq ona qadağan edilib.
Aytən, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.