“Rusiya üçün İran xüsusi əhəmiyyət daşıyan bir dövlətdir. Ona görə ki, Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqəsi kəsilir, Rusiyanın cənub cinahı isə İran Körfəzinə, oradan da Hind Okeanına çıxacaq bir dəhliz əldə edir. Eyni zamanda, İran və Rusiya arasında Şimal-Cənub Dəhlizinin işlək vəziyyətə gətirilməsi və İranla Rusiya arasında enerji kəmərinin çəkilməsi barədə razılaşma mövcuddur. Bundan əlavə, Xəzər hövzəsi ilə əlaqədar beş Xəzər dövləti ilə İran-Rusiya əməkdaşlığı mövcuddur. Eyni zamanda, bildiyiniz kimi, Azərbaycan Prezidentinin təklif etdiyi “3+3” formatı çərçivəsində İran-Rusiya münasibətləri xüsusi önəm daşıyır. Ümumilikdə, Rusiya üçün İran xüsusi əhəmiyyət kəsb edən bir dövlətdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, son günlər Rusiya və İran Zəngəzur dəhlizinə qarşı olduqları barədə siqnallar ötürür. Bundan başqa, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva hər zaman İranı və onun qanuni haqlarını dəstəkləyəcək: "Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi mövcuddur. Biz daim İranı və onun qanuni haqlarını müdafiə edəcəyik.”
Siyasi şərhçi qeyd edib ki, bu barədə dövlətlər arasında strateji müttəfiqlik barədə razılıq olsa da, digər sahələrdə əməkdaşlıq davamlı şəkildə genişlənir.