Berlin, 18 dekabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldə keçirilən iclası ərəfəsində minlərlə avropalı fermer Aİ ilə Mercosur ölkələri arasında nəzərdə tutulan azad ticarət sazişinə qarşı etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, fermerlər traktorlarla Belçika paytaxtına daxil olaraq Aİ Şurasının binası istiqamətində yürüş ediblər. Etirazçılar sazişin Avropa fermerləri üçün ədalətsiz rəqabət yaradacağını bildiriblər. Aksiyada on min nəfərin iştirak etdiyi və onların əksəriyyətinin Fransadan gəldiyi bildirilir. Etirazlar, həmçinin Aİ-nin kənd təsərrüfatına ayrılan subsidiyalarda mümkün ixtisarlar və Brüsselin tətbiq etdiyi qaydalara qarşı yönəlib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen iclasdan əvvəl Avropa fermer təşkilatı “Copa-Cogeca”nın nümayəndələri ilə görüşüb.
Sazişin dekabrın 20-də Braziliyada imzalanması nəzərdə tutulur. Lakin bunun üçün Aİ ölkələri arasında lazımi səs çoxluğunun təmin olunub-olunmayacağı hələ də qeyri-müəyyəndir. Sənədlə bağlı danışıqlar 1999-cu ildən aparılır. Sazişə əsasən, 700 milyondan çox əhalini əhatə edən Aİ-Mercosur azad ticarət zonasının yaradılması nəzərdə tutulur.
Sazişlə bağlı bir etiraz da Braziliyadan eşidilib. Bu ölkənin Prezidenti Luiz İnasio Lula da Silva razılaşmanın dekabrın 20-dək Aİ ölkələri tərəfindən təsdiqlənməyəci təqdirdə Braziliyanın sazişdən geri çəkiləcəyini açıqlayıb. O, İtaliya və Fransanın daxili siyasi səbəblərə görə razılaşmanı təsdiqləmək istəmədiyini vurğulayıb. Həmçinin Fransa hökumətinin öz fermerləri üçün qeyri-ədalətli rəqabət riskini əsas gətirərək əlavə düzəlişlər və imzalanmanın təxirə salınmasını tələb etdiyini bildirib. “Onları artıq xəbərdar etmişəm: əgər bu razılaşma indi baş tutmasa, mən Prezident olduğum müddətdə Braziliya daha heç bir saziş imzalamayacaq”, – deyə Luiz İnasio Lula da Silva bildirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin