AZ

Ailənin tək övladı, salyanlı “Qisas” əməliyyatı şəhidi - Elmi Səmədov...


Şölə Səmədova: “Sevinirdim ki, balam müharibədə şəhid olmadı, amma demə, qismətinə şəhidlik yazılıbmış”

Bircə yanan çırağım,
Bircə balam hardasan?
Sən gedəndən, ay oğul,
Dili lalam, hardasan?

Vətənə “anam” dedin,
Bayrağa “sonam” dedin,
Yurda “səninəm” dedin.
Uca qalam, hardasan?

Göz yaşlarım sızlayır,
Od-ocağım buzlayır...
Anan səni gözləyir
Bircə balam, hardasan?
Şəhid balam, hardasan?

Əl açıb yalvarır Tanrıya Şölə ana. Yalvarır ki, heç olmasa bir anlıq da olsa Vətən yolunda qurban verdiyi bircə balasını görsün, saçını oxşasın, boyunu sevsin, bağrına bassın, qoxusunu doya-doya içinə çəksin. Tanrı aldığını kimə qaytarıb ki, Şölə anaya da qaytarsın. Bilir ki, Elmi gəlməyəcək, danışıb-gülməyəcək, anasının boynuna sarılmayacaq, amma yenə də gözləyir, amma yenə də hər yerdə gözləri evinin sönən çırağının işığını axtarır.

Elmi Mirzəli ata və Şölə ananın yeganə övladı idi. Oğul itkisi ürəyində yaraya çevrilən Şölə ana ilə Biləsuvar rayonunda görüşüb söhbətləşdik.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi zəfər” IV cildliyinin III və IV cildlərinin Biləsuvar rayonda yerləşən Heydər Əliyev Mərkəzində şəhid ailələrinə təqdimat mərasimində Biləsuvar, Salyan, Neftçala, Hacıqabul rayonlarından gələn şəhid ailəri də iştirak edirdi. Şölə ana Salyan rayonunun Qızılağac kəndindən gəlmişdi, gəlmişdi ki, balasının da adının əbədiləşdirildiyi kitabı alsın, onu bir ömürlük xatirə kimi saxlasın.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, şəhid Səmədov Elmi Mirzəli oğlu 1 fevral 1996-cı ildə Salyan rayonunun Qızılağac kəndində anadan olub. Orta təhsilini Salyan rayonu Qızılağac kənd orta məktəbində alıb.

Vətən müharibəsində iştirak edən Elmi Səmədov bir sıra rayonlarımızın azad edilməsində böyük rəşadət göstərib. Vətən müharibəsində iştirakına görə Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, "İgidliyə görə" medalları ilə təltif edilib.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Səmədov Elmi Mirzəli oğlu Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən 13 sentyabr 2022-ci il tarixində şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Səmədov Elmi Mirzəli oğlu Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

“Gözümün ağı-qarası bircə balam, arzumanım, aman-zamanım idi Elmi. Gözümü ona dikmişdim. Oğlum məni yox, Vətəni seçdi. Vətən sağ olsun!

Görünür, qismətim belə imiş ki, həyatımın qalan payını ürəyimdəki bala dərdi ilə yaşayım.

Elmi Vətən müharibəsində də iştirak etdi. Sevinirdim ki, balam müharibədə şəhid olmadı, amma demə, balamın qismətinə şəhidlik yazılıbmış. 2022-ci ilin sentyabrında baş verən “Qisas” əməliyyatı zamanı şəhid oldu. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribat zamanı şəhid olanlardan biri də mənim balam idi”.

Ana deyir ki, yeganə övladı uşaqlıqdan hərbiçi olmaq istəyirdi, Vətən müharibəsindən qayıtdıqdan sonra sənədlərini hərbiyə verdi və nakam taleyini bu sənətə bağladı. “Elmi ilə bağlı arzularım o qədər çox idi ki. 26 yaşında, ömrünün ən gözəl çağlarında itirdim onu. Evlənməmişdi, subay idi. Bu da məni çox yandırır, deyirəm ki, kaş ki, evlənəydi heç olmasa özündən bir nişanə qoyardı, mən də baxıb təsəlli alardım. Mənim arzularım yerinə yetmədi, amma o, öz arzusuna çatdı - şəhidlik mərtəbəsinə yüksəldi. Şəhid olmaq istəyirdi”.

Şəhid oğlunun Salyan rayonun Alçalı qəbristanlığında dəfn edildiyini deyən ana deyir ki, oğlu ilə o da dəfn olunub. “Yaşamıram ki. Mənim yaşamağıma yaşamaq demək olmaz. Amma təsəllim odur ki, oğlum Vətən yolunda mərdliklə, qeyrətlə döyüşüb, öz yurdunu düşməndən müdafiə edərkən şəhid olub”-deyir ana.

Şölə ana onu da bildirir ki, Xatirə Kitabı Redaksiyasının gördüyü bu nəcib iş, çap etdiyi kitablar, jurnalistlərin yazıları da ona bir təsəllidir. “Oğlum unudulmur, bununla da təsəlli tapıram. Amma içimdəki oğul həsrətini heç nə söndürə bilmir. İtkisi ilə barışmıram, qəlbim qan ağlayır”-deyə Şölə ana bildirir.

Ana deyir ki, görəsən Allahın altında harada dayanım ki, bircə anlıq da olsa balamı görüm...

Qəm geyinib ürəyim,

Həsrətindən, ay oğul!

Gözlərim qan-yaş tökür

Möhnətindən, ay oğul!

Ana möhnət çəkir, qəm daşıyır, dərd əkib kədər biçir...Ana intizarla yol gözləyir, heç zaman geri qayıtmayacaq oğlunun getdiyi yollara göz dikir. Balasının üçrəngli bayraqla süslənən tabutu gəldi ananın...Amma yenə də inanmır, yenə də ümidlidir, yenə də “balam bir gün gələcək” deyir...

İradə SARIYEVA
Biləsuvar-Bakı

Seçilən
76
baki-xeber.com

1Mənbələr