Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və “SASMO” şirkəti arasında əməkdaşlıq çərçivəsində “Kiber Yay Məktəbi” 2025-də iştirak etmiş istedadlı gənclərimizdən 8 nəfərin Sinqapurun “National Junior Cybersecurity Olympiad” yarışında iştirakı təmin edilib. Olimpiadanın nəticələrinə əsasən, həmin gənclərdən 1 nəfər qızıl, 3 nəfər isə gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AKTA İdarə Heyətinin sədri Pənah Musayev qurumun 2025-ci ildə fəaliyyətinin yekunlarına dair tədbirdə deyib. P.Musayev qeyd edib ki, bu iştirakçılar Çində keçirilən “STEAM Ahead 2025” olimpiadasında iştirak hüququ əldə ediblər. Təəssüf ki, sponsorluq imkanlarının məhdudluğu səbəbindən “SASMO” şirkətinin təşkilati və sponsor dəstəyi, eləcə də “Greentech” şirkətinin sponsorluğu ilə yalnız iki iştirakçının həmin beynəlxalq yarışda iştirakı təmin olunub, gümüş medal qazanan 2 şagirdin iştirakı isə mümkün olmayıb.
O bildirib ki, AKTA Strasburqda keçirilən “EuroDIG 2025 Forumu”nda, eləcə də Estoniya və Moldovada təşkil olunan beynəlxalq konfranslarda təmsil olunub. Bununla yanaşı, yeni tərəfdaşlıq əlaqələrinin qurulması məqsədilə bir sıra ikitərəfli görüşlər keçirilib. 2025-ci ildə beynəlxalq nüfuza malik “Shadowserver” Fondu ilə AKTA arasında əməkdaşlıq əlaqələri qurulub. Bildiyiniz kimi, “Shadowserver” Fondu hər gün bütün IPv4 internet seqmentini skan edərək 3,7 milyard IP ünvanını yoxlayır, 4–5 milyon zərərli IP ünvanını aşkar edərək bloklayır. Əminik ki, bu fond tərəfindən təqdim edilən hesabatlardan istifadə ölkəmizdə kibertəhlükəsizliyin təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.
“Bununla yanaşı, Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə “CyberEast+” layihəsi çərçivəsində təşkil olunan kiberzorakılıq üzrə hesabatlılıq və fəaliyyətə dair Milli Forumda AKTA-nın iştirakı təmin edilib.
Qeyd olunub ki, cari il ərzində AKTA kiberdiaspor istiqamətində də fəaliyyətini davam etdirib. Avqust ayında Xankəndi şəhərində keçirilən “Diaspor gənclərinin VI Yay Düşərgəsi” çərçivəsində AKTA-nın tərəfdaşlığı ilə “Qlobal virtual icma və şəbəkələşmə platforması” adlı panel təşkil edilib, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərlə geniş müzakirələr aparılıb. Həmçinin kiberdiaspor üzvlərimiz 2025-ci ildə Avropada yaşayan azərbaycanlı mühəndislərin II Forumunda iştirak edib”, - deyə sədr bildirib.