AZ

Zəngəzur dəhlizi işə düşdükdən sonra Azərbaycan “açar” rolunu oynayacaq

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan üçün Aktau limanı əhəmiyyətlidir. Çünki Çindən Avropaya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yüklər bu limandan aşırılır və daha çox yük tutumu olan gəmilər limana yan ala bilmir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Strateji Təhlil üzrə Ekspert Mərkəzinin (STEM) direktoru Orxan Yolçuyev deyib.

Onun sözlərinə görə, hazırda Qazaxıstan Aktau limanında dənizin dibinin dərinləşdirilməsi işlərini həyata keçirir ki, yaxın gələcəkdə yükdaşımalarda problemlər yaranmasın. O.Yolçuyev qeyd edib ki, oxşar problem Türkmənistanın Türkmənbaşı limanında da var.

“Bu limanda suyun səviyyəsinin azalması çoxdan müşahidə edilir. Bizim 10 min tonluq yük tutumu olan gəmilər yalnız 5 və 6 min ton yük götürdükdə limana yan ala bilir. Burada da ciddi işlər başlayıb və dərinləşdirmə işləri həyata keçirilir. Türkmənistan hökuməti işlərin daha da sürətləndirilməsi və keyfiyyətlə həyata keçirilməsinə söz verib. Azərbaycan limanları - Ələt, Zirə və Hövsanda ən müasir texnikalarla dəniz dibinin dərinləşdirilməsi işləri həyata keçirilir. Azərbaycan qarşısına logistika mərkəzi olmaq hədəfi qoyub və bu hədəfə çatmaq üçün bütün lazımı tədbirlər yüksək səviyyədə həyata keçirilir. Azərbaycan nəinki dəniz dibinin dərinləşdirilməsi işlərini görür, eyni zamanda gəmiqayırma zavodunda yeni gəmilərin hazırlanması üçün sifarişlər alır. Qazaxıstan iki böyük yük gəmisinin tikintisi üçün Azərbaycana sifariş verib. Azərbaycan Xəzərə çıxışı olmayan dövlətlərə də dəniz ticarəti ilə məşğul olmaq üçün imkanlar yaradıb. Zəngəzur dəhlizi işə düşdükdən sonra isə Azərbaycan Avropadan Asiyaya, Asiyadan Avropaya açar rolunu oynayacaq”, - deyə Orxan Yolçuyev əlavə edib.

Seçilən
104
azertag.az

1Mənbələr