AZ

Ekspert: 2025-ci ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurun bərpasına təxminən 22 milyard manat xərclənmiş olacaq

Bakı, 18 dekabr, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə son 5 il ərzində yenidənqurma və bərpa işlərinə böyük həcmdə maliyyə vəsaiti yönəldilib və bu proses mərhələli şəkildə davam etdirilir.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin sonunadək sözügedən ərazilərdə bərpa və yenidənqurma işlərinə təxminən 22 milyard manat vəsait xərclənmiş olacaq: “Növbəti ilin dövlət büdcəsində isə bu istiqamət üzrə əlavə olaraq 3,5 milyard manat vəsait nəzərdə tutulub. Bu da onu göstərir ki, hökumət Böyük Qayıdış prosesini ardıcıl və planlı şəkildə davam etdirir”.

Xalid Kərimli bildirib ki, bərpa prosesinin ilk mərhələsində əsas diqqət təhlükəsizliyin təmin olunmasına və ilkin infrastrukturun qurulmasına yönəldilib. Onun sözlərinə görə, bu mərhələdə ərazilərin təhlükəsiz zonaya çevrilməsi, hava limanlarının, avtomobil yollarının, enerji və rabitə infrastrukturunun, sərhədyanı ərazilərdə müvafiq obyektlərin, eləcə də qaz, su və elektrik enerjisi ilə bağlı kommunal infrastrukturların yaradılması prioritet təşkil edib.

İqtisadçı vurğulayıb ki, növbəti mərhələdə artıq yaşayış məntəqələrinin salınması, məskunlaşmanın təşkili və sosial xidmət infrastrukturlarının qurulması ön plana çıxıb: “Yaşayış evləri ilə yanaşı, əhaliyə xidmət göstərəcək məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və digər sosial obyektlərin inşası mərhələli şəkildə həyata keçirilir”.

Xalid Kərimli qeyd edib ki, 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası davam edir və proqram üzrə nəzərdə tutulan tədbirlərin böyük hissəsi mərhələli şəkildə reallaşdırılır. Bununla yanaşı, hökumət qarşısında 2027–2030-cu illəri əhatə edəcək Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı tapşırıqların verildiyini xatırladan iqtisadçı bildirib ki, bu sənəd növbəti mərhələdə görüləcək işlərin əsas yol xəritəsini müəyyən edəcək.

Onun sözlərinə görə, 2026–2030-cu illər dövründə infrastruktur layihələri ilə yanaşı, sosial infrastrukturun genişləndirilməsi və əhalinin daha geniş miqyasda məskunlaşdırılması əsas prioritetlərdən olacaq: “Bu mərhələdə özəl sektorun da bölgədə fəallaşacağını müşahidə edəcəyik. Artıq özəl şirkətlər tərəfindən obyektlərin inşasına başlanması və onların istismara verilməsi prosesi gedir”.

İqtisadçı əlavə edib ki, son illər ərzində böyük həcmdə infrastruktur investisiyaları qoyulsa da, bütün məsələlər tam həll olunmayıb və bərpa prosesi davamlı xarakter daşıyır.

Onun fikrincə, qarşıdakı dövrdə əsas diqqət yol infrastrukturunun genişləndirilməsinə, enerji və elektrik stansiyalarının qurulmasına, yaşayış məntəqələrinin inkişafına, eləcə də bu ərazilərdə sosial xidmətlərin əlçatanlığının artırılmasına yönəldiləcək.

 

Seçilən
33
azertag.az

1Mənbələr