AZ

İşğaldan azad edilmiş ərazilərdə əsas prioritet infrastruktur layihələrinin tamamlanması olmalıdır ŞƏRH

Bakı, 18 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi mərhələli yanaşma əsasında davam etdirilir. Bu prosesin növbəti mərhələsində hansı istiqamətlərin prioritet təşkil etməsi Böyük Qayıdışın davamlılığı və azad olunmuş ərazilərin iqtisadi-sosial reinteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə əsas prioritet istiqamət kimi infrastruktur layihələrinin tamamlanması ön plana çıxmalıdır. Davamlı yaşayışın qurulması və bölgənin iqtisadi inkişafının təmin edilməsi üçün ilkin şərt məhz infrastrukturun tam şəkildə formalaşdırılmasıdır. “Yollar, logistika xətləri və kommunikasiya infrastrukturu olmadan nə məskunlaşmanın sürətləndirilməsi, nə də iqtisadi fəallığın təmin edilməsi mümkündür. İnfrastruktur olmadan iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı və sosial layihələrin səmərəli icrası ciddi çətinliklərlə üzləşir”, - deyə o vurğulayıb.

Asif Nərimanlı bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin əsas məqsədi insanların mümkün qədər qısa müddətdə öz doğma yurdlarına qayıtmasını təmin etmək olub. Bu məqsədlə infrastrukturun qurulması, yaşayış məntəqələrinin bərpası və yenidən inşası, eləcə də iqtisadi layihələrin icrası paralel şəkildə həyata keçirilib. “Bütün bu proseslər fonunda azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi, xüsusilə mina probleminin aradan qaldırılması ən çətin və məsuliyyətli istiqamətlərdən biri olub”.

Siyasi şərhçi qeyd edib ki, mina təmizləmə işləri ilə yanaşı, hava limanlarının, əsas avtomobil yollarının, enerji və rabitə infrastrukturlarının qısa müddətdə qurulması Azərbaycanın bu sahədə unikal təcrübə formalaşdırdığını göstərir. “Hesab edirəm ki, dünyada az sayda ölkə işğaldan azad olunmuş ərazilərdə belə qısa müddətdə bu miqyasda bərpa və yenidənqurma işlərini həyata keçirə bilərdi. Azərbaycan son beş il ərzində bu istiqamətdə həqiqətən də nəhəng işlər görüb”, – deyə Asif Nərimanlı vurğulayıb.

Onun fikrincə, növbəti mərhələdə də əsas məqsəd insanların öz yurdlarına qayıtması üçün yaşayış məntəqələrinin qurulması və azad olunmuş ərazilərdə iqtisadi inkişafın təmin edilməsi olacaq. Lakin bu prosesin daha sürətli və dayanıqlı olması üçün infrastruktur layihələrinin tam şəkildə başa çatdırılması həlledici rol oynayır. “Bu, dünyada qəbul olunmuş əsas prinsipdir: güclü infrastruktur olmadan nə iqtisadi inkişafa, nə də sosial rifaha nail olmaq mümkündür. Məhz buna görə də 2026-cı ildə əsas diqqət infrastruktur layihələrinin tamamlanmasına yönəldilməlidir”, – deyə siyasi şərhçi bildirib.

Seçilən
35
azertag.az

1Mənbələr